Azərbaycan iləTürkiyə arasında sənaye və investisiya imkanları dəyərləndirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbul Sənaye Palatasının
(İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvanın rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər
verir.

Belə ki, iqtisadiyyat naziri Azərbaycan və Türkiyə dövlət
başçılarının siyasi iradəsinin, verdikləri tapşırıqların icrasının
qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətini
vurğulayıb. Qeyd edilib ki, Türkiyə Azərbaycanın əsas ticarət
tərəfdaşlarındandır və iki ölkə arasında imzalanmış Preferensial
Ticarət Sazişi iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsinə
əlavə imkanlar açır. Qardaş ölkələr arasında uğurlu investisiya
tərəfdaşlığı həyata keçirilir. Ölkələrimizin iştirakı ilə həyata
keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı
dərinləşdirməklə yanaşı, bölgənin mənzərəsini dəyişir.




Görüşdə aparılan müzakirə zamanı İSO-ya üzv olan şirkətlərlə
yerli biznes subyektləri arasında əməkdaşlığın fəal təşviqi,
investisiya, potensial layihələrin icrası, enerji, ticarət, sənaye,
rəqəmsal texnologiyalar, infrastruktur və digər sahələrdə
əməkdaşlığın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəliyinin və İstanbul
Sənaye Palatasının təşkilatçılığı ilə ölkəmizə səfər edən 100-ə
yaxın iş adamına Azərbaycanın iqtisadi potensialı, əlverişli
işgüzar mühiti, sahibkarlar üçün tətbiq olunan güzəştlər, Ələt Azad
İqtisadi Zonasında investorlar üçün yaradılan imkanlar barədə
məlumat verilib. Qonaqlar, həmçinin Sumqayıt Sənaye Parkında
müəssisələrin fəaliyyəti və sənaye zonalarında işbirliyi imkanları
ilə tanış olublar.