Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat
subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə qış mövsümünə hazırlıq, Yeni il tədbirlərinin
keçirilməsi ilə bağlı iş planı, Prezident İlham Əliyevin Azərbaycan
paytaxtında həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş
tapşırıqlarının icrası və şəhərin parklarında gül və yaşıllıqların
dizaynı müzakirə edilib.
BŞİH Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rayon İcra
Hakimiyyətləri başçılarına Yeni ilə hazırlıqla bağlı müvafiq
tapşırıqlar verilib. Müşavirədə həmçinin mümkün qar yağması ilə
bağlı hərtərəfli tədbirlər planı qəbul edilib.
Bildirilib ki, müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal
Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin
işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit
zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib. Bununla
əlaqədar Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin
rəhbərliyinə trestin rəhbərinin vəzifədə saxlanılmasının
mümkünlüyünü nəzərdən keçirmək tapşırılıb.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin
şəxsiyyəti və onun ardıcıl siyasəti sayəsində Azərbaycan ilk dəfə
olaraq qlobal siyasi səhnədə əhəmiyyətli yer tutub. O, dövlət
proqramlarının uğurla həyata keçirilməsi üçün peşəkarlığın,
məsuliyyətin və vicdanlı yanaşmanın vacib olduğunu vurğulayıb.
Eldar Əzizov qeyd edib ki, bu gün dövlət qulluqçularının
əksəriyyəti öz vəzifələrini vicdanla yerinə yetirir. Lakin etik
pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə halları
tamamilə qəbuledilməzdir. O, vurğulayıb ki, bu cür davranış dövlət
qulluğu prinsiplərinə ziddir və dərhal və obyektiv şəkildə
qiymətləndirilməlidir.
“Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz
məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya
uğradığı və qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşdüyü
hallari ilə qarşılaşırıq. Qoy hamı xatırlasın ki, Azərbaycan
Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o
cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan
təmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onların
işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir”, –
deyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib. Merin
sözlərinə görə, hər bir dövlət məmuru cəmiyyət qarşısında
məsuliyyətini xatırlamalı və vətəndaşların maraqları naminə
çalışmalı, təvazökarlıq, dürüstlük və peşəsinə sədaqət nümayiş
etdirməlidir.

