Bakı. Trend:
Bakıda Avrasiya Françayzinq Forumu keçirilir.
Trend xəbər
verir ki, tədbirə regionun müxtəlif ölkələrindən dövlət rəsmiləri,
sahibkarlar, investorlar və françayzinq sahəsinin nümayəndələri
qatılıb.
Forumun rəsmi açılışda Azərbaycan Françayzinq Assosiasiyasının
İdarə Heyətinin sədri Camid Mövsümov, KOBİA sədri Orxan Məmmədov,
iqtisad elmləri doktoru, Milli Məclisin deputatı Əlibala
Məhərrəmzadə, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev,
Qazaxıstan Ticarət nazirinin müavini Aycan Bicanova, “Gaztrade”
şirkətinin icraçı direktoru Aynur Amirbekova, Türk Dünyası
Federasiyasının sədri Halit Kanak və digərləri çıxış edəcəklər.
Rəsmi açılışdan sonra “AzInTelecom” şirkətinin rəqəmsal
marketinq bölməsinin rəhbəri Nərgiz Abdulhüseynova “Biznes
prosesini SİMA ilə rəqəmsallaşdır” mövzusunda təqdimatla çıxış
edəcək.
Forum çərçivəsində “Françayzinqin qlobal trendləri və Avrasiyada
yeni imkanlar”, “Pərakəndə ticarət və qida sənayesində
françayzinq”, “Rəqəmsallaşma və texnologiyanın françayzinqə təsiri”
mövzularında üç panel müzakirəsi keçiriləcək.
Panellərdə françayzinq sektorunun inkişaf perspektivləri,
rəqəmsal transformasiya, e-ticarət, süni intellekt və
texnologiyanın biznes modellərinə təsiri müzakirə olunacaq.
Forumun sonunda B2B görüşmələr, yekun çıxışlar və iştirakçılara
sertifikatların təqdimatı planlaşdırılır.
Avrasiya Françayzinq Forumu françayzinq sahəsində əməkdaşlığın
genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və region
ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından
mühüm platforma kimi dəyərləndirilir.

