Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının
sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.

Trend xəbər verir ki, qonaq,
ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd
bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və
Azərbaycan xalqına çatdırdı. Saqr Qobaş bildirdi ki, Şeyx Məhəmməd
bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə
səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla
xatırlayır.

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30
illiyinə həsr olunmuş beynəlxalq parlament konfransının yüksək
səviyyədə təşkil edildiyini deyən Birləşmiş Ərəb Əmirlikləri
Federal Milli Şurasının sədri vurğuladı ki, bu tədbir ölkəmizin
konstitusional dəyərlərə və suverenliyə nə qədər sadiq olduğunun və
əhəmiyyət verdiyinin bariz nümunəsidir.

Qonaq Azərbaycanın inkişafına toxunaraq, bunun Prezident İlham
Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu vurğuladı.
Saqr Qobaş paytaxt Bakının gözəlliyinin və memarlığının onda dərin
təəssürat hissi yaratdığını dedi.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi,
onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və
xalqına çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla həm
Əbu-Dabidə, həm də Azərbaycanda Bakı və Şuşa şəhərlərində
görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin sabiq
prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın uzaqgörən siyasəti və
ölkə rəhbərliyinin ardıcıl səyləri nəticəsində Birləşmiş Ərəb
Əmirliklərinin uğurlu nümunəvi inkişafını qeyd etdi.

Ulu Öndər Heydər Əliyevin BƏƏ-nin sabiq Prezidenti Şeyx Zayed
bin Sultan Əl Nəhyan ilə 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatının
Kasablanka Sammitində görüşü xatırlanaraq, məhz həmin görüşdə
ölkələrimiz arasında hazırkı münasibətlərin təməlinin qoyulduğu
vurğulandı.

Qonaq regionda sülhün təmin olunması, Azərbaycan ilə Ermənistan
arasında münasibətlərin normallaşması münasibətilə Prezident İlham
Əliyevi təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək,
Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalından sonra
hər iki tərəfin hazırda sülh şəraitində yaşamağa uyğunlaşdığını
bildirdi.

Prezident İlham Əliyev bundan sonra da ölkəmizin regionda
davamlı sülhün təmin olunması, nəqliyyat layihəsinin, xüsusilə
TRIPP xətti üzrə nəqliyyat bağlantılarının yaradılması
istiqamətində səylərini davam etdirəcəyini dedi.

Söhbət zamanı Azərbaycanla BƏƏ arasında münasibətlərin strateji
tərəfdaşlıq səviyyəsində bütün istiqamətlər üzrə uğurla inkişaf
etdiyi qeyd olundu. Bu xüsusda “Masdar” şirkətinin Azərbaycana
bərpaolunan enerji sektoruna sərmayələrinə, SOCAR-ADNOC
əməkdaşlığına, qarşılıqlı investisiyalara toxunuldu.