Ceyhun Bayramov Oman Sultanının xüsusi nümayəndəsi ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

29 oktyabr 2025-ci il tarixində nazir Ceyhun Bayramov Oman
Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultanının xüsusi
nümayəndəsi Seyid Əsad bin Tariq Al Səid ilə görüşüb.

Trend
xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Omanın həm
ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərinin
inkişafından məmnun olduqlarını bildiriblər.

İkitərəfli münasibətlərimizin yeni səviyyəyə qaldırılmasında və
ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığın daha da
stimullaşdırılmasında yüksək səviyyəli səfərlərin həlledici rolu
vurğulanıb.

Ölkəmizin Omanda Səfirliyinin fəaliyyətə başlamasının
əməkdaşlığa daha da təkan verəcəyinə əminlik ifadə olunub.

Parlament diplomatiyasının ikitərəfli münasibətlərin
möhkəmlənməsində həlledici rol oynadığını qeyd edən nazir
Azərbaycanın 2025-ci ildə ölkələrimizin parlamentləri tərəfindən
dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirdiyini qeyd
edib.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən 2026-cı ildə Bakıda
keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü və
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev
sahibliyinin əhəmiyyətinə toxunaraq, bu tədbirlərin dialoq,
həmrəylik və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımından
yeni əməkdaşlıq imkanları yaradacağını bildirib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli
və çoxtərəfli məsələlər, eləcə də regional vəziyyət müzakirə
olunub.