Bakı. Trend:
Bu gün Dünya Bankı Azərbaycan üzrə ilk dövri Ölkə İqtisadi
İcmalını təqdim etmişdir. Hesabat ölkənin makroiqtisadi
göstəriciləri və perspektivləri barədə ətraflı məlumatı təqdim
edir.
Trend xəbər
verir ki, Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı (AÖİİ) ildə iki dəfə
dərc olunacaq hesabatdır və ölkədəki son iqtisadi hadisələri və
perspektivləri əhatə edir. Hər hesabat iki hissədən ibarət olacaq:
birinci hissədə son iqtisadi meyllərin təhlili və orta müddətli
perspektivlər və risklər müzakirə olunacaq, ikinci hissədə isə
konkret siyasət məsələsi dərindən araşdırılacaq.
Azərbaycan son on ildə qlobal və regional sarsıntılara qarşı
əhəmiyyətli dayanıqlılıq nümayiş etdirmişdir. Rəqabət Məcəlləsinin
qəbulu, əhəmiyyətli vergi islahatları, lisenziya və icazələrin
alınması prosedurlarının sadələşdirilməsi, əmək münasibətlərində
şəffaflaşma və biznes mühitindəki çağırışların həlli istiqamətində
atılan digər addımlar sahibkarlıq fəaliyyətinin dəstəklənməsində
mühüm rol oynamışdır.
Ölkədə reallaşdırılan iqtisadi islahatlar, Cənubi Qafqazda
strateji mövqeyi və zəngin enerji resursları güclü iqtisadi artımı
və yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasını təmin etmişdir.
Hökumətin makroiqtisadi sabitliyə verdiyi önəm ölkəyə
dəyişkənliklərə — o cümlədən 2015-ci ildəki neft qiymətləri şoku və
COVID-19 pandemiyası — qarşı mübarizə aparmağa, fiskal və xarici
ticarət profisitlərini, aşağı dövlət borcunu və əhəmiyyətli
makroiqtisadi ehtiyatları qoruyub saxlamağa imkan vermişdir.
Son təhlil göstərir ki, 2025-ci ilin ilk yarısında neft-qaz
sektorunda 3,2%-lik daralma müşahidə olunsa da, qeyri-neft
sektorunda artım 3,9%-ə təşkil edib. Tikinti, nəqliyyat, İKT və
pərakəndə ticarət sahələrində fəaliyyət normallaşıb. Kənd
təsərrüfatı və turizm sahələri artım tempini qoruyub saxlayıb.
İyun ayının sonuna doğru daxili və xarici təzyiqlərin azalması
ilə inflyasiya bir qədər aşağı düşüb və illik inflyasiya 4.8%-ə
enib. Bu göstərici Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun
(4 ± 2%) mərkəz nöqtəsinə yaxındır.
Xarici və fiskal balanslar əhəmiyyətli profisitlərlə malikdir,
baxmayaraq ki, neft-qaz gəlirlərinin azalması bu göstəriciləri bir
qədər zəiflədib. Makroiqtisadi ehtiyatlar güclü olaraq qalır:
Dövlət Neft Fondu (ARDNF) ehtiyatları 13,2% artaraq 65 milyard ABŞ
dollarına (ÜDM-in 88%-i) çatıb, Azərbaycan Mərkəzi Bankının
ehtiyatları isə 11,5 milyard ABŞ dollarına yüksəlib ki, bu da 5,6
aylıq idxala bərabərdir.
Gələcəyə baxışda, iqtisadi artımın 2025–2027-ci illər arasında
orta hesabla 1.7% səviyyəsində qalacağı proqnozlaşdırılır. Bu, neft
qiymətlərinin azalması fonunda fiskal siyasətin sərtləşməsi ilə
bağlıdır. İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda qalacağı
gözlənilir. Risklərə uzunmüddətli aşağı artım və enerji
qiymətlərində daha kəskin azalma daxildir. Qısamüddətli risklərə
qarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlılıq
iqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsi
səylərinin uğuruna bağlı olacaq.
Bu buraxılışın xüsusi mövzusu qeyri-neft sektoruna
investisiyalar və onun artımına təsir edən məsələlərdir.
İnvestisiya səviyyələri ÜDM-in təxminən son illərdə 20%-dək
hissəsini təşkil edir. Bu, əsasən, neft-qaz gəlirlərinin azalması
fonunda dövlət investisiyalarının azalması ilə bağlıdır. Yerli özəl
investisiyalar əsasən daxilə yönəlmiş sahələrdə — məsələn, tikinti
— cəmlənib.
Özəl sektorun potensialından faydalanmaq üçün hesabat struktur
islahatlarının vacibliyini vurğulayır. Bu islahatlar siyasət
sabitliyinin artırılması, bərabər rəqabət mühitinin
təkmilləşdirilməsini, maliyyə resurslarına çıxışın
genişləndirilməsi və məhkəmə sisteminin gücləndirilməsini əhatə edə
bilər.
Bu ilk Ölkə İqtisadi İcmalı siyasət müzakirələrini
məlumatlandırmaq, sübuta əsaslanan qərarların qəbulunu dəstəkləmək
və müxtəlif maraqlı tərəflər arasında iş yerlərinin yaradılması və
məhsuldarlığın artırılması yolları üzrə dialoqu təşviq etmək
məqsədi daşıyır.

