KOB klasterin iştirakçısı olmaq istəyən KOB subyektlərinin nəzərinə!

Baş səhifə

Bakı. Trend:

2024-cü və 2025-ci illərdə yaradılmış iki KOB klaster şirkətində
ümumilikdə 20-dən çox KOB subyekti birləşəcək. Bu KOB subyektləri
təbii meyvə konsentratı və nəqliyyat vasitələrinin mühərrikləri
üçün sürtkü yağı istehsal edəcək KOB klaster şirkətlərini müxtəlif
mal və xidmətlərlə təmin edəcək.

Trend xəbər
verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
məlumatında qeyd olunub.

Bildirilib ki, mövcud və gələcəkdə yaradılacaq KOB klaster
şirkətlərinin iştirakçısı olmaq istəyən KOB subyektləri müvafiq
şirkətlərə, eləcə də əlaqələndirmə dəstəyi üçün Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər
([email protected] elektron poçt
ünvanına və ya https://smb.gov.az/az/contact-form/aze-citizen
rəsmi internet səhifəsi üzərindən birbaşa).




Qeyd edək ki, KOB klasterinin iştirakçısı olan sahibkarların 7
il müddətinə KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət və ya
gəlir vergisindən tam azad olunur. “KOB klaster şirkəti
şəhadətnaməsi” almış sahibkar isə 7 il müddətinə mənfəət və ya
gəlir vergisindən, torpaq və əmlak vergisindən, müvafiq təsdiqedici
sənəd əsasında layihə çərçivəsində xaricdən idxal etdiyi texnika,
texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur.

KOB klaster – eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində,
müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini,
vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi
münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə
fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klaster
iştirakçılarının məcmusudur. KOB klasterinin iştirakçısı isə KOB
klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə
müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan
və KOBİA tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsi
verilmiş hüquqi və ya fiziki şəxslərdir. KOB klasterin iştirakçısı
azı 10 mikro, kiçik və ya orta sahibkarlıq subyektindən ibarət
olduğu üçün bu mexanizm iqtisadiyyatın müxtəlif sektorları üzrə
KOB-ları bir araya gətirməklə onlar arasında əlaqə yaradır.

KOB klasterin yaradılmasına dövlət dəstəyi, o cümlədən
güzəştlər, KOB klaster şirkəti şəhadətnaməsini almaq üçün lazım
olan sənədlər barədə məlumatı KOBİA-nın saytından (https://smb.gov.az/az/nav/kob-klaster)
və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.