Tenderlə ayrılan pulları ehtiyacları üçün xərcləyən şəxslərə hökm oxunub

Baş səhifə

Bakı. Trend:

300-ə yaxın şirkətə rəhbərlik edən iş adamı Mehman Alməmmədov və
onunla birlikdə ittiham edilən İlahim Mehralıyevin cinayət işi üzrə
sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.

Hökmə əsasən, təqsirləndirilən Mehman Alməmmədov 10 il 3 ay,
İlahim Mehralıyev 14 il müddətə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 193-1.3.2-ci
(cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda
törədildikdə) maddəsi ilə bəarət verilib və 313-cü (vəzifə
saxtakarlığı) maddəsinin məsuliyyətə cəlbetmə müddəti bitdiyi üçün
onlara cəza təyin edilməyib.

İttihama görə, Mehman Alməmmədov və İlahim Mehralıyev dövlət
büdcəsindən tender yolları ilə ayrılan pulları öz şəxsi
ehtiyaclarına xərcləyiblər.

İstintaqla Mehraliyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman
Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan
qeyrilərinin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzində
rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri
tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan
artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər
bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə
etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr
müəyyən edilib.




Təqsirləndirilən şəxslər vəzifəli şəxslərlə əlbir olaraq tender
yolları ilə dövlət büdcəsindən ayrılan pulları Türkiyədə fəaliyyət
göstərən şirkətlərə köçürməklə Külli miqdarda pullarını
leqallaşdırıblar. İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət
Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda
törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı
leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində
tanınıb.

Mehman Allahverdi oğlu Alməmmədov və İlahim Ərəstun oğlu
Mehralıyev dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə
ittiham olunurlar.

Qeyd edək ki, iş adamı Mehman Alməmmədov Gürcüstanın Marneuli
rayonunda anadan olmuş, Azərbaycan vətəndaşı Mehman Alməmmədov
vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində
qeydiyyata alınmış “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu”
MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade” MMC,
“Klassik Trade Group” MMC, “Artech” MMC, 12 saylı Ərazi Vergilər
Baş İdarəsində qeydiyyata alınmış “Firat Ticarət” MMC, “Malibu
Finans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata
alınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S”
MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış
“Grand Star” MMC və “Proqress-SV” MMC-lərin faktiki rəhbəri
olub.

Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16
müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə
külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat
vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub.

Qeyd edək ki, Mehman Alməmmədov bir neçə il əvvəl paytaxt
ərazisində quldurluq cinayətinə məruz qalmışdı. Ona hücum edən şəxs
190 min manatını götürərək qaçmışdı.