Azərbaycan avqust ayında Türkiyənin ikinci ən iri qaz tədarükçüsü olub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan 2025-ci ilin avqust ayında Türkiyəni ən çox təbii
qazla təchiz edən üç tədarükçü arasında öz mövqeyini
möhkəmləndirib.

Trend bu barədə
Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə istinadla
xəbər verir.

Belə ki, hesabat dövrü ərzində Türkiyə Azərbaycandan 1,047
milyard kubmetr təbii qaz idxal edib ki, bu 2024-cü ilin avqust
göstəricisi ilə müqayisədə 41,10 faiz çoxdur. Bununla da
Azərbaycan, boru kəməri qazı tədarükçüləri arasında Rusiya
Federasiyasından sonra ikinci yeri tutaraq aylıq tədarük həcminə
görə İran İslam Respublikasını geridə qoyub.




Həmin dövrdə Türkiyə İran İslam Respublikasından 840,01 milyon
kubmetr təbii qaz idxal edib ki, bu da ötən ilin eyni dövründəki
491,34 milyon kubmetrlə müqayisədə 70,97 faiz çoxdur. Rusiya
Federasiyası isə ən böyük tədarükçü statusunu qoruyaraq avqust
ayında 1,835 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Halbuki
ötən ilin eyni dövründə bu göstərici 2,274 milyard kubmetrdən artıq
olmuşdu.

Ümumilikdə, 2025-ci ilin avqust ayında Türkiyəyə təbii qaz
idxalı 4,021 milyard kubmetrdən çox olub və bu, ötən ilin eyni
dövründəki təxminən 3,893 milyard kubmetrlə müqayisədə 3,31 faiz
artım deməkdir. Boru kəməri qazının idxalı 6,12 faiz artaraq
təxminən 3,723 milyard kubmetr təşkil edib, mayeləşdirilmiş təbii
qazın idxalı isə 22,35 faiz azalaraq 298,73 milyon kubmetr
olub.