
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə
verib.
Trend
müsahibəni təqdim edir:
– Hər vaxtınız xeyir, cənab Prezident. Xahiş edirəm
deyin, yeni sülh barışığı, bu yeni atəşkəs qüvvədə olacaqmı? Səhv
etmirəmsə, bu, artıq üçüncü atəşkəsdir.
– Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq.
Ona görə ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub.
Humanitar mülahizələrə əsaslanan birinci atəşkəsdən sonra 24 saat
ərzində Ermənistan atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtı
Gəncə şəhərinə ballistik raket atmaqla. Birinci atəşlər nəticəsində
10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir
dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların
sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik.
İkinci atəşkəsə gəldikdə isə bizdə atəşkəsin Ermənistan
tərəfindən pozulmasının xronologiyası var. Onlar təyin edilmiş
atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat
08.00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat
10.00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə
yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik
ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz
adekvat cavab verməyə məcbur olacağıq.
-Cənab Prezident, sentyabrın axırlarında Sizin hərbi
əməliyyatlara başlamağınıza, əslində, nə səbəb olmuşdu? Nə üçün
belə oldu?
-Bu, siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır.
Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hər
vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə
bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbuledilməzdir, o,
işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa
hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan
edirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma “Dağlıq Qarabağın” rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün,
həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir,
həmçinin bəyan edirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bununla
da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə
praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun
təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi
göstərdi – iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu
göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu.
Onlar yəqin düşünürdülər ki, biz bu dəfə də təmkin göstərəcəyik,
lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlar
təəssüflənirlər.
– Elə isə Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər
daxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisiniz
ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir.
Konstruktiv yanaşma necə olmalıdır?
– Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş
nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini
qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana
qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ
ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə
qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT
Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin
qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın
baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə
verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki,
Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə
qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma
deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana
qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən
Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa
gələrik.
– Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəzi
ölkələr, təkcə Ermənistan deyil, o cümlədən Fransa da Sizi və
Türkiyəni Suriyadan minlərlə muzdlunun Türkiyədən keçməklə Qarabağa
göndərilməsində ittiham edirlər. Siz bu cür ittihamlara necə cavab
verərsiniz, Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və
Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlara Siz
necə cavab verərsiniz?
– Mən bu suala bir neçə dəfə cavab vermişəm, bir də cavab
verərəm. Əvvələn, bizə bu cür əsassız ittihamları cəmi iki ölkə
təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya
isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi
əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim
edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil,
heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mən
Fransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq
rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim
etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar
insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən
təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən
daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan
Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq.
Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal
edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək,
həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət
etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu
insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim
nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi
səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli
olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və
böhtandır. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə
isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16
təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki,
münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz
demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30
təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada
Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan
vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir
və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona
görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan
informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan
əvvəl özlərinə baxsınlar.
– Cənab Prezident, sonuncu sual bu və ya digər dərəcədə
bizim ölkəyə – İtaliyaya da aiddir. Siz yəqin bilirsiniz ki,
Avropada ərazi mübahisələrinin və ya regional separatizmin dinc
yolla nizamlanmasına dair çoxlu uğurlu nümunələr var. Belə
nümunələrdən biri bizdə – İtaliyadadır. Bu, Alto-Adice (Zyudtirol)
regionudur. Sizə elə gəlmirmi ki, İtaliya Qarabağın statusunun həll
edilməsi üçün öz təcrübəsi ilə konkret kömək edə bilərdi. Xüsusən
ona görə ki, İtaliya həm Sizinlə, həm də Ermənistanla çox səmimi,
sıx, güclü siyasi, mədəni əlaqələrə malikdir.
– Bəli, mən hesab edirəm ki, İtaliya münaqişənin nizamlanması
işində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupu
yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minsk
qrupunun rəhbəri məhz İtaliya nümayəndəsi, italiyalı diplomat idi.
Bu, həmsədrlər təsisatı yaradılandan əvvəl idi. Həmsədrlər təsisatı
yaradılandan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir
fəaliyyət göstərməyib, çünki həmsədrlər bu fəaliyyəti özlərinin
inhisarına götürüblər. Bunun nəyə gətirib çıxardığını görürük. 28
il ərzində heç bir irəliləyiş olmayıb, heç bir nəticə yoxdur,
yalnız vədlər, yalnız bürokratik prosedurlar var və bu gün bizə
belə gəlir ki, əslində, həmsədrlərin fəaliyyəti münaqişənin həllinə
deyil, onun dondurulmasına yönəlmişdi. İtaliyada mövcud olan modelə
gəldikdə isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar
qurumların digər uğurlu təcrübələrini də öyrənmişik. Ermənistandan
fərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz
bilirsiniz, Ermənistanda əhalinin 99 faizi ermənilərdir. Buna görə
çox müsbət olan bu özünüidarə təcrübəsi bizim halda da tətbiq edilə
bilərdi. Yeri gəlmişkən, mənim bildiyimə görə 1990-cı illərin
ortalarında bu cür təkliflər olub. Hətta qeyri-hökumət
təşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qruplar
sizin ölkəyə də, haqqında danışdığınız regiona da, Aland adalarına
da səfər edirdilər. Lakin Ermənistan bunu həmişə qəti surətdə rədd
edirdi. Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin
hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərək bizim əraziləri əbədi
işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz
özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT
Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçiririk və
beynəlxalq hüququ bərpa edirik.
– Cənab Prezident, ən sonuncu sual: bir ildən sonra biz
bu münaqişədə hansı səviyyədə olacağıq? Münaqişənin həlli olacaqmı?
Yoxsa bu, münaqişənin həlli olacaq?
– Bilirsiniz, bu bir ay ərzində mən, demək olar ki, hər gün
xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə
ünsiyyətdə oluram və Azərbaycan xalqına öz müraciətlərimdə bizim
mövqeyimizi həmişə dəqiq şərh edirəm. Biz Qarabağ regionunun, –
təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ
Azərbaycanın böyük bir hissəsidir, – gələcəyini həm oraya qayıtmalı
olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin
dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi
görürük. Bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki,
tərəflərin qarşılıqlı xoş məramı olsa buna nail olmaq mümkündür.
Ona görə ki, axı, bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində
minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstanda
azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarışıq ailələr
var. Buna görə də düşünürəm ki, barışıq mümkündür, sadəcə,
Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir. Əgər
belə olsa biz öz investisiyalarımızla və ölkənin yenidən qurulması
üzrə təcrübəmizlə bu regionu dünyanın ən firavan regionlarından
birinə çevirə bilərik. Lakin bundan ötrü müharibənin nəticələri
aradan qaldırılmalıdır. İşğal aradan qaldırılmalıdır,
azərbaycanlılar əsrlərboyu yaşadıqları torpaqlara qayıtmalı və
erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar. Bu,
asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrinin
vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə
barışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətlə
yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət
doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoş
məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər
olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş
meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin
bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu
ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan
rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır.
– Cənab Prezident, çox sağ olun və italyanlar demişkən,
bono fortuno.
– Siz də sağ olun. Təşəkkür edirəm.
– Xudahafiz.
– Xudahafiz.


