
Bakı.Trend:
Son dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində torpaq
sahələrinin qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur.
Torpaq bazarı son illərdə dinamik dəyişikliklər yaşayır.
Artımın əsas səbəbləri nələrdir? Artım daha çox hansı bölgələrdə
müşahidə edilir?
“Artım xüsusilə Abşeron yarımadası, Quba – Xaçmaz, Qəbələ,
Gəncə-Daşkəsən və Lənkəran bölgələrində daha çox hiss edilir”.
Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər
Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı
bildirib.
O, vurğulayıb ki, əgər 2022-ci ildə bölgələrdə bir sot torpaq
sahəsinin orta qiyməti 200-300 manat civarında idisə, hazırda bu
rəqəm 400-500 manat səviyyəsinə qədər yüksəlib.
“İnfrastrukturun daha yaxşı olduğu və turizm potensialı yüksək
olan zonalarda isə qiymətlər 1000 manat və daha yuxarı ola bilir.
Bakıətrafı qəsəbələrdə, xüsusilə Məhəmmədi, Novxanı, Masazır və
Binəqədi istiqamətlərində torpaq qiymətləri bir sot üçün artıq
3000-7000 manat aralığında dəyişir. Ümumilikdə, son iki il ərzində
bölgə torpaqlarında 15-20 % civarında artım qeydə alınıb”.
G. İsmayılqızı torpaq bazarındakı qiymət artımının əsas
səbəblərini də açıqlayıb:
“İnfrastrukturun yaxşılaşması, yeni yollar, kommunikasiya
xətləri və sosial obyektlərin inşası ərazilərin bazar dəyərini
artırır. Turizm və kənd təsərrüfatı potensialının artması –
xüsusilə Qəbələ, Quba və Lənkəran kimi turizm bölgələrində
torpaqlara tələbat çoxalıb. Elektron sənədləşmə sistemlərinin
tətbiqi – qiymətləndirmə və qeydiyyat proseslərinin şəffaflaşması
bazara etimadı artırır. Ərazidə miqrasiya amilləri də qiymət
artımına əhəmiyyətli dərəcədə təsir göstərir.
Mütəxəssis vurğulayıb ki, hazırda bölgələrdə torpaq fondunun
böyük hissəsini bələdiyyə torpaqları təşkil edir. Bu torpaqların
sənədləşmə prosesinin sadələşdirilməsi istiqamətində yeni mərhələ
başlanıb:
“Artıq bələdiyyə torpaqları qiymətləndirmədən keçdikdən və real
bazar dəyəri müəyyən olunduqdan sonra, həmin dəyər əsasında
formalaşan rüsum müvafiq qurumun hesabına köçürüldükdən və ya
hərracda alqı-satqı baş tutduqdan sonra sənədləşmə prosedurları
başlanır.
Bu proseslərin rəqəmsallaşması nəticəsində vətəndaşlar üçün
mülkiyyət hüququnun rəsmiləşdirilməsi daha şəffaf və operativ hala
gəlib. Ən önəmlisi, sənədləşmə artdıqca torpaq bazarında qiymət
səviyyəsinə də ciddi təsir göstərir. Hazırda sənədli və sənədsiz
torpaqlar arasında orta hesabla 50 %-ə qədər qiymət fərqi müşahidə
olunur. Yəni, eyni ərazidə sənədli torpaq sahəsi 10 000 manat
dəyərləndirilirsə, sənədsiz torpaq təxminən 5 000 manat ətrafında
bazara təklif edilir”.
Onun fikrincə, sənədləşmə prosesi yalnız hüquqi deyil, həm də
iqtisadi dəyəri artıran amildir. Sənədli torpaqlara tələbat
artdıqca, bölgələrdə bazar qiymətləri də paralel olaraq
yüksəlir:
“Bütün bu amillər onu göstərir ki, torpaq bazarı Azərbaycanda
artıq yeni mərhələyə qədəm qoyub – kağız daşıyıcıdan elektron
sistemə keçid, sənədləşmə prosesinin sürətlənməsi, və bazar
dəyərlərinin şəffaf şəkildə müəyyən olunması qiymətlərin
formalaşmasında əsas rol oynayır.
G.İsmayılqızı vurğulayıb ki, 2025-2026-cı illərdə bələdiyyə
torpaqlarının tam rəqəmsallaşması nəticəsində bazarda daha sabit və
real qiymət mexanizmi formalaşacağı gözləniləndir”.
“Regionlarda torpaq qiymətlərində artım müşahidə edilir və bunun
da müəyyən səbəbləri var. Turizm potensiallı ərazilərdə qiymət
artımı həmin ərazidə torpağa tələbin yüksək olması ilə bağlıdır.
Lakin təkcə turizm bölgələrində deyil, respublikanın digər
regionlarında da torpaq qiymətləri bahalaşıb”.
Bunu Trend-ə
açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Ekspert qeyd edib ki, qiymət artımının əsas səbəblərindən biri
bu ilin yanvar ayından “Torpaq məcəlləsi”nə edilən dəyişikliklərlə
bağlıdır:
“Xüsusilə bələdiyyə torpaqlarının alqı-satqısında yeni
qaydaların tətbiqi qiymət artımında əhəmiyyətli rol oynayır.
Əvvəlki illərdən fərqli olaraq, bələdiyyə torpaqları yeni
qaydalarla satışa çıxarılır. Qanunvericiliyin tələblərində də qeyd
edilir ki, ərazi üzrə ən yuxarı son üç əqdin yuxarı həddi
götürülməklə torpaq satışa çıxarılır. Bu, inzibati formada da
qiymət artımına gətirib çıxarır”.
R.Osmanlı torpaq satışında qiymət artımının hansı civarda
dəyişdiyini də açıqlayıb:
“Turizm tipli elə ərazilərimiz var ki, ötən il torpaq sahəsinin
qiyməti 2000-2500 manat idisə, indi 3500-4000 manatadək artıb. Sotu
300-500 manata olan ərazilərdə belə nisbi artımlar müşahidə edilir.
Həmin ərazilərdə belə 100-150 manat hər sot üzrə artım qeydə
alınıb”.
Ekspert hesab edir ki, bələdiyyə mülkiyyətində olan
torpaqlardakı qiymət artımı, xüsusi mülkiyyətdə olan ərazilərdə də
artıma səbəb olub.


