Onlayn qumar oyunların üçün bank kartlarının alqı-satqısını həyata keçirən 5 dəstə ifşa edilib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarından əldə edilən
pul vəsaitlərinin köçürülməsi və leqallaşdırılmasında istifadə
olunan bank kartlarının qanunsuz alqı-satqısını həyata keçirən
dəstə üzvlərinə qarşı polis əməkdaşları tərəfindən xüsusi
əməliyyat-texniki tədbirlər həyata keçirilib.

Bu barədə Trend-ə DİN-dən məlumat verilib.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən
keçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan
5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü – Əjdər Əzizov, Fərman
Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavid
İsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan Məhərrəm
Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov,
həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar.

Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki,
saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər
edərək alıblar.

Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində
istifadə edilməsi məqsədi ilə əsəsən “Telegram” sosial şəbəkəsində
ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb.
Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıq
bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb.




Qeyd edək ki, əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim
edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən
xəbərsiz olublar.

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, öz bank
rekvizitlərinin üçüncü şəxslərə “drop”, yəni cinayət faktlarında
istifadə edilməsi məqsədi ilə təqdim olunması yolverilməzdir. Əgər
bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini
müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri
köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı
satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat
verməyiniz tövsiyə edilir.