Gürcüstan və Rumıniya əməkdaşlıq memorandumu imzalayıblar

Baş səhifə

Bakı. Trend:

Gürcüstan və Rumıniyanın enerji tənzimləməsi üzrə komissiyaları
Qara dəniz sualtı elektrik kabeli layihəsi çərçivəsində əməkdaşlıq
haqqında memorandum imzalayıblar.

Trend xəbər verir
ki, bu barədə Gürcüstanın Milli Enerji və Su Təchizatı
Komissiyasının rəhbəri David Narmania məlumat verib.

“Rumıniyalı həmkarımla bu məsələ ilə bağlı görüş keçirdik və
memorandum imzaladıq. Sənəddə komissiyaların bu layihə çərçivəsində
birgə tənzimləmə istiqamətində əməkdaşlığı nəzərdə tutulur”, – deyə
Narmania bildirib.




O, sualtı kabelin çəkilişini gələcəyi olan və strateji əhəmiyyət
daşıyan layihə kimi qiymətləndirib. Narmanianın sözlərinə görə,
texniki-iqtisadi əsaslandırma artıq başa çatıb və hazırda Qara
dəniz şelfinin ətraflı tədqiqatı aparılır.

Qeyd edək ki, təxminən 1200 kilometrlik kabel xəttinin çəkilməsi
haqqında saziş 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan,
Macarıstan, Gürcüstan və Rumıniya liderləri tərəfindən imzalanıb.
Layihə çərçivəsində həm elektrik enerjisi ötürülməsi, həm də
rəqəmsal məlumat mübadiləsinin həyata keçirilməsi
planlaşdırılır.