
Bakı. Trend:
Texnologiya nə qədər güclü olsa da, əgər məqsədi insanın həyat
keyfiyyətini artırmaq deyilsə, natamamdır.
Trend xəbər
verir ki, bu sözləri Türkiyə Respublikasının ailə və sosial
xidmətlər nazirinin müavini Adil Çalışkan “SOCGOV 2025: Süni
intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda
deyib.
“Bizim əsas prioritetimiz, insanı mərkəzə alan sosial dövlət
anlayışımızı rəqəmsal transformasiya prosesində heç kəsi geridə
qoymadan, dövrün ən müasir texnologiyalarından istifadə edərək
gücləndirməkdir. Bu alətlərin başında isə şübhəsiz ki, süni
intellekt dayanır.
Süni intellekt artıq yalnız texnoloji inkişaf deyil, düzgün
istifadə edildikdə insan həyatını asanlaşdıran, xidmətlərin
keyfiyyətini artıran və sosial ədaləti gücləndirən strateji bir
vasitəyə çevrilmişdir. Eyni zamanda təqdim etdiyimiz xidmətlərin
səmərəliliyini və keyfiyyətini artırmaq baxımından böyük potensiala
malikdir”- deyə o əlavə edib.
Nazir müavininin sözlərinə görə, süni intellektdən istifadə
etməklə sosial xidmət mütəxəssislərinin qərarvermə proseslərini
gücləndirən sistemlər hazırlayırlar:
“Bu sistemlər xüsusilə mürəkkəb məlumat bazalarını analiz edərək
riskləri erkən müəyyənləşdirmək və resursları daha səmərəli idarə
etmək kimi sahələrdə işimizi xeyli asanlaşdırır.
Bənzər şəkildə, xəbər axınlarını izləyərək ictimai hadisələri və
potensial sosial halları erkən müəyyən edən rəqəmsal izləmə
vasitələri sayəsində sosial riskləri proaktiv şəkildə idarə edə
bilən bir struktura keçid edirik. Bütün bu fəaliyyətlərin təməlində
isə insanı mərkəzə alan, məlumatı məsuliyyətli və etik şəkildə
istifadə edən bir yanaşma dayanır”.

