
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla İsveçrə arasında
ticarət əməliyyatlarının həcmi 494,1 milyon ABŞ dolları təşkil
edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Qeyd olunub ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 165,5 milyon ABŞ dolları və ya 50,3% çoxdur.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsveçrəyə
301,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin
eyni dövrü ilə müqayisədə 181,9 milyon ABŞ dolları və ya 2,5 dəfə
çoxdur.
Hesabat dövründə Azərbaycandan sözügedən ölkəyə ixrac edilən
malların 247,7 milyon manatını qeyri-neft məhsulları təşkil edib
ki, bu da ötən ilin ilk 9 ayındakı göstəriciyə nisbətən 128,1
milyon ABŞ dolları və ya 2,1 dəfə artım deməkdir. Dövr ərzində
İsveçrəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi
ixracında 9,35% paya sahib olub. Bununla da sözügedən ölkə
Azərbaycandan 3-cü ən çox qeyri-neft məhsulları alan ölkə olub.
Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında İsveçrədən
Azərbaycana 192,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları
icra olunub ki, bu da illik müqayisədə 16,5 milyon ABŞ dolları və
ya 7,9% azalma deməkdir.
Bu ilin ilk 9 ayında İsveçrə Azərbaycandan 53,9 milyon ABŞ
dolları dəyərində 90 min ton bitumlu süxurlardan alınmış xam neft
və xam neft məhsulları idxal edib. Əvəlki ilin eyni dövründə isə
Azərbaycandan İsveçrəyə sözügedən məhsul ixracı qeydə
alınmayıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan
xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon
ABŞ dolları və ya 2,5% çoxdur.
Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,
16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni
dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%
azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.
Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo
yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8
dəfə azdır.


