
Bakı. Trend:
20-22 oktyabr tarixlərində Azərbaycanın Ekvadorda akkreditə
olunmuş səfiri Rəşad Novruzun bu ölkəyə işgüzar səfəri baş
tutub.
Azərbaycan Respublikasının Ekvadordakı Səfirliyindən Trend-ə verilən məlumata
görə, səfər çərçivəsində Ekvadorun Ətraf Mühit və Enerji
Nazirliyində, Xarici İşlər Nazirliyində və digər dövlət
qurumlarında görüşlər keçirilib.
Görüşlərdə iki ölkə arasında gündəlikdə duran məsələlər müzakirə
olunub, siyasi, iqtisadi və humanitar sahələr üzrə əməkdaşlıq
imkanları üzrə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində ADA Universiteti ilə Ekvadorun Diplomatik
Akademiyası arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu
imzalanıb.
Sənədi Azərbaycan tərəfində səfir R.Novruz, Ekvador tərəfindən
isə xarici işlər və insan mobilliyi naziri vəzifəsini icra edən
Alexandro Davalos imzalayıblar.
İmzalanma mərasimindən sonra Ekvador Diplomatik Akademiyasının
direktoru Alexandro Suaresin müşayiəti ilə təhsil ocağı ilə
tanışlıq həyata keçirilib, gələcək birgə layihələr barədə fikir
mübadiləsi aparılıb.
Ümumilikdə səfər, cari ilin sentyabr ayında BMT Baş Assambleyası
çərçivəsində Azərbaycan və Ekvador XİN rəhbərləri Ceyhun Bayramov
və Qabriela Sommerfeld arasında baş tutmuş görüş çərçivəsində
müzakirə edilmiş məsələlərin, o cümlədən əldə edilmiş razılığın
irəlilədilməsi məqsədi daşıyıb.
Ekvadora səfər çərçivəsində həmçinin bu ölkədə yaşayan
həmvətənlərimizlə görüş keçirilmiş, onların həyat tərzi və əmək
fəaliyyəti ilə maraqlanılıb.


