Yalçın Rəfiyev “Bakıdan Belemə: Dayanıqlı və Maariflənmiş Cəmiyyətlərə Doğru İqlim Fəaliyyəti” adlı yüksək səviyyəli tədbirdə iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 21-də UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında
“Bakıdan Belemə: Dayanıqlı və Maariflənmiş Cəmiyyətlərə Doğru İqlim
Fəaliyyəti” adlı yüksək səviyyəli tədbir keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin açılış
sessiyasında Azərbaycan Respublikasının xarici işlər nazirinin
müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, eləcə də
UNESCO-nun baş direktorunun müavinləri Lidiya Artur Brito və Taufik
Celassi çıxış ediblər.

Y.Rəfiyev öz nitqində Azərbaycanın BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) sədrliyi zamanı əldə etdiyi əsas nəticələr və
Azərbaycanın iqlim diplomatiyasında rolu haqqında danışıb. İqlim
dəyişikliyi ilə mübarizədə təhsilin, elmin və mədəniyyətin əsas
rolunu vurğulayıb.

Y.Rəfiyev bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29
konfransı Yeni İqlim Maliyyə Məqsədi (NCQG), Bakıdan Belemə Yol
Xəritəsi (1.3T), Paris Sazişinin 6-cı Maddəsi üzrə razılıq – karbon
bazarlarının işə salınması və dövlət-özəl tərəfdaşlıqların
gücləndirilməsi; İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması,
eləcə də COP29 sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslər kimi
bir sıra mühüm irəliləyişlərlə yadda qalıb.

Ölkəmizin COP29 sədrliyi çərçivəsində və ondan sonra da regional
və qlobal tərəfdaşlarla sıx əməkdaşlıqda iqlim fəaliyyətini
gücləndirmək, elmi əsaslı və ədalətli iqlim keçidinə töhfə vermək
niyyətində olduğu vurğulanıb.

UNESCO Baş direktorunun müavinləri COP29-un tarixi nəticələrinə
vurğu edərək Azərbaycanın COP29 çərçivəsində və sonrakı dövrdə
iqlim dəyişikliyi və UNESCO gündəliyində olan mövzular arasında
sinerjinin qurulmasındakı dəstəyinə görə təşəkkür ediblər.

Yalçın Rəfiyev, Parisə səfəri çərçivəsində Beynəlxalq Enerji
Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüş keçirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və COP29 sədrliyinin
enerji təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, İnkişaf Etməkdə olan Kiçik Ada dövlətlərinin
(SİDS) və bir qrup digər ölkələrin UNESCO yanında Daimi
Nümayəndələri ilə işçi nahar formatında görüş keçirilib. Görüş
zamanı Azərbaycanın COP29 sədrliyinin nailiyyətləri, iqlim
dəyişmələrinin SİDS ölkələrinə təsirləri, ölkəmizin SİDS ölkələrinə
göstərdiyi davamlı dəstək kimi məsələlər barədə danışılıb, gələcək
əməkdaşlıq istiqamətləri müzakirə edilib.