
Bakı. Trend:
Azərbaycan infrastrukturu təkmilləşdirməklə və transsərhəd
əməliyyatları optimallaşdırmaqla Orta Dəhlizin potensialından
maksimum istifadə etmək üçün çalışır.
Trend xəbər verir
ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev V Tbilisi İpək Yolu Forumunda deyib.
“Biz Qazaxıstandakı və xüsusilə Gürcüstandakı tərəfdaşlarımızla
sıx əməkdaşlıq etmişik və mövcud infrastrukturun tam gücü ilə
istifadəsini təmin etdiklərinə görə onlara minnətdaram”, – deyə
nazir bildirib.
O, 2022-ci ildən etibarən yükdaşımaların həcminin əhəmiyyətli
dərəcədə artdığını vurğulayıb:
“Ərazimizdən keçən yüklərin həcmi demək olar ki, beş dəfə artıb.
Konteyner daşımalarına gəlincə, 2023-cü ildə Çindən cəmi bir və ya
iki blok qatarımız var idi. Keçən il bu rəqəm demək olar ki, 280-ə
yüksəldi, cari ilin ilk doqquz ayında isə bu rəqəmi 290-a
çatdırdıq. İlin sonuna qədər təxminən 400 konteyner qatarının
olacağını gözləyirik və bu da son hədd deyil”.
R.Nəbiyev səyahət vaxtının azaldılmasının vacibliyini də qeyd
edib:
“Biz başladığımız vaxtda qatarın Çin-Qazaxıstan sərhədindən Poti
və Batumi limanlarına çatması üçün təxminən 53 gün lazım idi. İndi
bu müddəti 15–18 günə endirməyə nail olmuşuq, lakin bu da son
deyil. Brüsseldəki həmkarlarımız bu müddətin təxminən 14 günə qədər
azaldılmasının tam mümkün olduğunu qeyd ediblər və biz də buna
inanırıq”.
Nazir marşrut boyunca mövcud olan boşluqların müəyyən edilməsi
və aradan qaldırılması üçün görülən son birgə səylərdən
danışıb:
“Avqust ayında biz Gürcüstan və Qazaxıstan dəmir yolları ilə
birlikdə dəhliz layihəsi üzərində işlədik. Marşrutun – Qazaxıstan
sərhədindən tutmuş Poti və Batumi limanlarına, eləcə də
Axalkələkdəki terminalımıza qədər olan hissəsinin auditi üçün
konsaltinq şirkəti cəlb etdik. Bu, həm infrastruktur, həm də
bürokratik maneələri müəyyən etməyə imkan verdi. Sentyabr ayında
isə 2028-ci ilə qədər həyata keçirilməli konkret fəaliyyət
bəndlərini əhatə edən yol xəritəsini imzaladıq.”


