Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi
təhsil müəssisələrinin rəhbərləri ilə effektiv kommunikasiyanın
təmin olunmasına dair görüşlər keçirilib.

Trend xəbər
verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, paytaxtdakı ümumi təhsil məktəblərini əhatə edən
görüşlərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin
(MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı,
BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli,
Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov
və məktəb direktorları iştirak ediblər.

Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti və
vahid informasiya mübadiləsinin təmin olunması mövzusunda
təqdimatla çıxış edən Media və ictimaiyyətlə əlaqələr sektorunun
müdiri Bəşarət Məmmədov təhsil müəssisələri rəhbərlərinin
ictimaiyyətlə əlaqələr və informasiya mübadiləsi işinə daha həssas
yanaşmasının vacibliyindən, məktəb idarəçiliyində effektiv
kommunikasiyanın əhəmiyyətindən, məktəbin internet resurslarının
idarə olunmasından, sosial media və ictimai platformalardan
səmərəli istifadə yollarından və digər vacib məsələlərdən danışıb.
Məktəb və müəllim nüfuzunun qorunması baxımından valideynlərlə
əməkdaşlığa diqqət çəkən sektor müdiri səmərəli məktəb mühitinin
formalaşdırılmasının əhəmiyyəti haqqında fikirlərini bildirib.




MÜTDA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira
Sevdimalı məktəbin imicinin formalaşdırılmasında kommunikasiya
kanallarının düzgün idarə olunmasının əhəmiyyətindən söz açıb.
Bildirib ki, məktəbin gündəlik fəaliyyətindəki yeniliklərin,
nailiyyətlərin və mühüm hadisələrin operativ şəkildə cəmiyyətə
çatdırılması, valideynlərlə və ictimaiyyətlə açıq və şəffaf
kommunikasiya mühitinin yaradılması həm məktəbin nüfuzunun
artmasına, həm də təhsil prosesində ictimai dəstəyin güclənməsinə
səbəb olur.

Görüşlərdə məktəb direktorlarını maraqlandıran suallara aydınlıq
gətirilib, müvafiq məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

Qeyd edək ki, görüşlərin keçirilməsində əsas məqsəd
ictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması,
kommunikasiya strategiyasının təkmilləşdirilməsi, məktəb-valideyn
və media ilə əməkdaşlıq mexanizmlərinin effektivliyinin
gücləndirilməsindən ibarətdir.