Bakı. Trend:
Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması
ölkənin iqtisadiyyatına birbaşa, yəni ümumi daxili məhsula (ÜDM)
1-1,5% müsbət təsir edir.
Trend xəbər
verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal İdarəetmə
şöbəsinin müdiri Anar Nərimanov “Kosmosdan gələn imkanlar: Kosmik
müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı
tədbirində bildirib.
O qeyd edib ki, peyk təsvirləri iqtisadiyyata birbaşa və dolayı
təsirlər göstərir: “Bunu bir çox aspektlərdə qiymətləndirmək olar.
Peyk təsvirlərinin iqtisadiyyata təsiri nədir dedikdə, Milli Məkan
Məlumatları İnfrastrukturu layihəsini qeyd etmək istərdim.
Araşdırmalarımız göstərir ki, Azərbaycanda Milli Məkan Məlumatları
İnfrastrukturunun qurulması ölkənin iqtisadiyyatına birbaşa, yəni
ümumi daxili məhsula (ÜDM) 1-1,5% müsbət təsir edir. Eyni zamanda
peyk təsvirləri digər sahələrə də birbaşa və yaxud dolayısı ilə
təsir göstərir. Yəni peyk təsvirlərinin əsas istehsalçıları olan
agentliklər onları müxtəlif məqsədlər üçün çəkirlər. Məsələn,
sənaye, logistika, kənd təsərrüfatı və digər sahələrin inkişafına
xidmət edən peyk təsvirləri çəkilə bilər”.
“Milli Məkan Məlumatları İnfrastrukturu bir çox komponentləri –
normativ hüquqi bazanı, texnoloji və intellektual alətləri,
standartları, bilik transferini və ölkənin rəqəmsal ekosistemini
formalaşdıran bir layihədir. Bir çox ölkələrin təcrübələrini
öyrəndikdə məkan məlumatları ilə bağlı 1500+ məlumat laylarına rast
gəlirik ki, bunun ilkini peyk təsvirləri əhatə edir”, – A.
Nərimanov vurğulayıb.

