
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
tərəfindən əlilliyi olan uşaqlar üçün artıq Gəncə şəhərində də
“RehaBus” xidmətinə başlanılıb.
Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, Gəncə şəhərində yaşayan və ambulator
reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqlar bu
xidmət çərçivəsində reabilitasiya avtobusu ilə həftənin iki günü
ödənişsiz şəkildə Agentliyin Şəmkirdəki Uşaq Reabilitasiya
Mərkəzinə çatdırılırlar. Reabilitasiya proseduru bitdikdən sonra
isə onlar yenidən geri qaytarılırlar.
“RehaBus” layihəsi əlilliyi olan uşaqlar üçün reabilitasiya
xidmətlərinin əlçatanlığını artırmaq, onların sosial
inteqrasiyasına dəstək məqsədi daşıyır.
Layihəyə ilk dəfə 2022-ci ildə Bakı və Sumqayıt şəhərləri,
Abşeron rayonunda başlanıb. Həmin şəhərlər və rayonda da əlilliyi
olan uşaqlar (onları müşayiət edən yaxınları ilə birgə)
reabilitasiya avtobusu ilə Bakı şəhərindəki 2 saylı Uşaq
Reabilitasiya Mərkəzinə çatdırılır.


