
Bakı. Trend:
Azərbaycanda hidrogen strategiyasının icrası üçün məsləhətçi
şirkətin seçimi yekunlaşmaq üzrədir.
Trend xəbər
verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr
Energetiklər Günü münasibətilə “Azərbaycan” qəzetində “Azərbaycan
Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində
bildirilib.
“Bu gün diqqətimizi sıfır emissiyalı gələcəyə aparan digər əsas
enerji mənbəyi – hidrogenə də yönəldirik. Hidrogen Azərbaycanın
“yaşıl inkişaf” və enerji təchizatçısı gündəliyinin tərkib
hissəsidir. Ölkəmizdə hidrogenin müxtəlif növlərinin istehsalı,
istehlakı və ixracını əhatə edən Milli Strateji Baxış Sənədinin
icrası üçün Fəaliyyət Planının hazırlanması məqsədilə məsləhətçi
şirkətin seçilməsi prosesi yekunlaşmaq üzrədir”, – məqalədə qeyd
edilib.
Vurğulanıb ki, bu plan Azərbaycanın hidrogen sahəsində sistemli
və məqsədyönlü irəliləyişini təmin edərək, ölkənin qlobal enerji
trendlərinə uyğunlaşmasını sürətləndirəcək.


