“Qürurla irəli!” — Bakida V “Qələbə qaçışı” təşkil ediləcək

Baş səhifə

Bakı. Trend:

Noyabrın 2-də Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı
möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı
növbəti xeyriyyə tədbiri təşkil edəcək.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, qaçış Gənclər və İdman
Nazirliyinin təşkilatçılığı ilə hər il olduğu kimi “Qürurla irəli”
şüarı altında baş tutacaq.

Bildirilib ki, tədbirin məqsədi Azərbaycanın möhtəşəm qələbəsini
ehtiramla anmaq, xalqımızın birliyini, qəhrəmanlığını və dönməz
iradəsini bir daha yada salmaqdır.

İştirak üçün qeydiyyat zamanı minimum 20 manat xeyriyyə haqqı
ödənilməlidir. Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda,
“Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km
məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan
edilərək mükafatlandırılacaqlar.




Bununla yanaşı, 1–2 noyabr tarixlərində fan-zona da fəaliyyət
göstərəcək. Burada qonaqları müxtəlif əyləncələr və maraqlı bayram
abu-havası gözləyir.

Qaçış 2 noyabr 10:00-da start götürəcək.

Qaçışda iştirak üçün 16 yaşdan yuxarı şəxslər bu
link
vasitəsilə 30 oktyabr saat 12:00-dək qeydiyyatdan keçə
bilərlər. Yerlər məhdud olduğu üçün iştirakçıların sayı müəyyən
edilmiş limitə çatdıqda qeydiyyat avtomatik olaraq bitəcək.

Müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və
iştirakçı bələdçisi göndəriləcək. Qeydiyyatdan keçmiş iştirakçılar
15-30 oktyabr tarixlərində, hər gün saat 09:00-dan 20:00-dək BEGOC
Biznes Mərkəzinin 1-ci mərtəbəsindən şəxsiyyət vəsiqəsi və ödənişi
təsdiqləyən e-maili təqdim etməklə iştirakçı nömrəsini ala
biləcəklər.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən ənənəvi
olaraq hər il keçirilir.