Zəngilan Böyük Qayıdışın rəmzi, tarixin ədalətinin təntənəsidir – kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

20 oktyabr 2020-ci ildə ölkə Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilan rayonu erməni
işğalından azad edildi. 27 ildən çox düşmən tapdağı altında qalan
bu qədim Azərbaycan torpağı azad olundu.

Bu sözləri Trend
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, Zəngilanın strateji əhəmiyyəti
danılmazdır:“Tarixi Zəngəzur bölgəsi ötən əsrin əvvəllərində süni
şəkildə bölünərək, böyük hissəsi Ermənistana verilmiş, yalnız
Zəngilan, Laçın və Qubadlı Azərbaycanda qalmışdır. 1993-cü ildə isə
bu rayonlar da işğal edildi. Zəngilan əhalisi 67 gün mühasirədə
döyüşdü, minlərlə insan Araz çayını keçərək ölkənin müxtəlif
bölgələrində müvəqqəti məskunlaşmalı oldu”.

Millət vəkili tarixi ədalətin məhz Azərbaycan Ordusunun
qəhrəmanlığı və Prezident İlham Əliyevin qətiyyəti sayəsində bərpa
edildiyini vurğulayıb: “Vətən müharibəsinin gedişində Zəngilan
rayonunun 4 qəsəbəsi və 49 kəndi azad edildi, Azərbaycan-İran
sərhədi boyunca nəzarət tam bərpa olundu. Bundan sonra dövlət
başçısının imzaladığı sərəncamla “Zəngilanın azad olunmasına görə”
medalı təsis edildi və minlərlə hərbi qulluqçu bu medalla təltif
olundu. Bu gün isə Zəngilan sözün əsl mənasında bərpa və
quruculuğun simvoluna çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü
ilə burada ilk “Ağıllı kənd” – Ağalı kəndi salındı. Bu kənd təkcə
müasir texnologiyaların deyil, həm də dövlət siyasətinin mərkəzində
insanın dayandığını göstərən bir nümunəyə çevrildi. Yaşıl enerji,
yüksək keyfiyyətli infrastruktur, smart idarəetmə – bütün bunlar
Azərbaycan modelinin real göstəriciləridir. Bütün bu proseslər
Böyük Qayıdışın real mərhələyə keçdiyini göstərir. Artıq Zəngilan
rayonunun 2040-cı ilədək inkişafını əhatə edən baş plan
təsdiqlənib, yaşayış kompleksləri, sosial obyektlər və sənaye
sahələri inşa olunur. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli
sərəncamı ilə 20 oktyabr “Zəngilan Şəhəri Günü” elan olunub. Bu,
həm simvolik, həm də strateji qərardır – azad edilmiş torpaqların
dirçəlişinə verilən yüksək dəyərin göstəricisidir. Zəngilan artıq
yalnız keçmişin deyil, eyni zamanda gələcəyin şəhəridir. Bu
torpaqlara həyat, sülh və inkişaf qayıdır. Və bu dönüşün müəllifi –
Prezident İlham Əliyevin əzmkar, uzaqgörən və milli maraqlara
söykənən liderliyidir”.