2030-cu ilədək bərpa olunan enerjinin payını 38 faizə çatdırmağı planlaşdırırıq – Pərviz Şahbazov

Baş səhifə

Bakı. Trend:

Planlarımız 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmış
gücdə payını 38 faizə yüksəltməkdir.

Trend xəbər
verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr
Energetiklər Günü münasibətilə “Azərbaycan” qəzetində “Azərbaycan
Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində
bildirilib.




Qeyd edilib ki, bu məqsədlə tərəfdaşlarla imzalanmış müqavilələr
çərçivəsində quruda və dənizdə əlavə 700 MVt gücün yaradılmasına da
enerji sisteminin inteqrasiya imkanları və dayanıqlılığının təmin
olunması baxımından yanaşılır: “Bu istiqamətdə Çinin Elektrik
Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə
elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqi sahəsində əməkdaşlıq
edirik. Tədqiqat çərçivəsində ötürücü şəbəkə üçün texnoloji və
iqtisadi baxımdan optimal həllərin müəyyən edilməsi məqsədilə ilk
mərhələdə bərpa olunan enerji üzrə potensial tələbat
qiymətləndiriləcək, növbəti mərhələdə isə generasiya güclərinin
şəbəkəyə inteqrasiya imkanları təhlil olunacaq. Daxili tələbatın
təminatı məqsədilə bərpa olunan enerji mənbələrinin inkişafına bu
cür ehtiyatlı və mərhələli yanaşma isə enerji təhlükəsizliyinə dair
məsuliyyətli mövqeyimizin təzahürüdür”.

Məqalədə vurğulanıb ki, uzunmüddətli “yaşıl enerji”
gündəliyimizin bütün istiqamətləri beynəlxalq enerji şirkətləri ilə
tərəfdaşlıq əsasında irəliləyir: “Bunun nəticəsində Azərbaycan
artıq genişmiqyaslı “yaşıl enerji” əməkdaşlıq ekosistemi
formalaşdırmağa nail olub. Bu əməkdaşlıq çərçivəsində “Masdar”,
“ACWA Power”, BP, “SOCAR Green”, “Nobel Energy”, AGEC, Baltech,
“Universal International”, “China Datang”, China Energy, Power
China, TotalEnergies, Elecnor və ROX kimi aparıcı beynəlxalq
şirkətlər töhfələri ilə Azərbaycanın yaşıl inkişafının bir
parçasına çevrilirlər”.