Azərbaycan regional enerji qovşağına çevrilir

Baş səhifə

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr
Energetiklər Günü münasibətilə “Azərbaycan” qəzetində “Azərbaycan
Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsi.

“Elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan
asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü
potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq,
buna da nail olduq”
.

Heydər Əliyev

Bu il 20 Oktyabr – Energetiklər Günü həm ölkəmiz, həm də region
üçün əlamətdar bir dövrə – Tarixi Zəfərimizin 5-ci ildönümünə
təsadüf edir. Qarabağ və Şərqi Zəngəzurun azadlığı və dirçəlişi
Azərbaycanın milli enerji sisteminə əlavə güc qataraq, ölkəmizin
regional strateji enerji qovşağı kimi inkişafına yeni imkanlar
yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Cənubi Qafqazda geosiyasi mənzərəni dəyişən, enerji
təhlükəsizliyini sülh, regional bağlantılar və iqtisadi inkişafla
vəhdətdə dəyərləndirən vizioner siyasətinin nailiyyətləri ölkəmizin
bölgədəki lider mövqeyini daha da möhkəmləndirib. Azərbaycanın
regional inteqrasiyada oynadığı geosiyasi rol bu gün Çin, Mərkəzi
Asiya, Cənubi Qafqaz, Türkiyə, Avropa və Yaxın Şərq ölkələrini
əhatə edən geniş enerji əməkdaşlığına yol açıb. Xüsusilə “yaşıl
enerji” təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişaf
strategiyası, post-münaqişə quruculuğu və sülh gündəliyi ilə
uzlaşan müasir enerji siyasətində regional amilin güclənməsini
təmin edir. Bu müstəvidə Azərbaycan elektroenergetikası ölkənin
“yaşıl artım” və “təmiz ətraf mühit” milli prioritetlərinin həyata
keçirilməsində əsas hərəkətverici qüvvələrdən biri olmaqla yanaşı,
neft-qaz sahəsində formalaşmış beynəlxalq əməkdaşlıq təcrübəsinə və
şaxələndirilmiş təchizat marşrutlarına əsaslanan etibarlı enerji
təhlükəsizliyi modelinin yeni mərhələdə davamçısı kimi çıxış
edir.

Son bir ildə elektroenergetika sistemimizin inkişafının uğurları
bunun bariz təsdiqidir. Yeni elektrik stansiyalarının istifadəyə
verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı
gücü 9732,5 MVt-a çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 1317 MVt və ya 15,6 faiz artım deməkdir. Bu əhəmiyyətli
artımda ölkəmizin və bütövlükdə Cənubi Qafqazın ən böyük enerji
müəssisəsi olan, şanlı Zəfərimizi əbədiləşdirən 1 880 MVt gücündə
“8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsinin mühüm rolu
vardır. Mingəçevirin yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi
Qafqazın energetika mərkəzi kimi mövqeyini gücləndirən bu stansiya
enerji səmərəliliyi ilə yanaşı, Çin və İtaliya şirkətləri ilə
əməkdaşlıq timsalında elektroenergetikada beynəlxalq tərəfdaşlığın
parlaq nümunəsidir. Elektroenergetika sistemində hazırda ümumi gücü
7903 MVt olan 24 istilik elektrik stansiyası, 1 443,5 MVt-lıq 65 su
elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası,
63,5 MVt gücündə 5 külək elektrik stansiyası, 37 MVt gücündə bərk
məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 MVt olan
3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik
stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə
elektrik stansiyalarının gücü 1 829,6 MVt-dır ki, bu da ümumi
istehsal gücünün təxminən 18,8 faizini təşkil edir. Bu dövrdə
generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də artaraq 29 714
MVA-a çatıb. Son illər artan istehsal gücü Azərbaycanın enerji
balansında sabitliyi qoruyur. Ötən il ölkədə 28,4 milyard kVt·st
elektrik enerjisi istehsal olunub, bunun 24,1 milyardı daxili
tələbatın ödənilməsinə, 1,4 milyardı ixraca yönəlib. İdxal isə 70,7
milyon kVt·st təşkil edib. Bu ilin ilk doqquz ayında 21,8 milyard
kVt·st enerji istehsal edilib, ixrac 989,6 milyon, idxal isə 145
milyon kVt·st həcmində olub. Elektrik enerjisi istehsalında
müşahidə olunan əsas tendensiya ondan ibarətdir ki, burada artım
dinamikasını məhz bərpa olunan enerji mənbələri formalaşdırır.
Xüsusilə, 230 MVt gücündə “Qaradağ” GES fəaliyyətə başladığı iki
ilə yaxın müddət ərzində günəş enerjisindən elektrik enerjisi
istehsalının 10 dəfə artmasına imkan yaradıb. Bu dövrdə stansiyada
1 milyard kVt·st elektrik enerjisinin istehsalı onun tam gücü ilə
işləməsini təsdiqləməklə yanaşı, bir daha göstərir ki, Azərbaycan
“yaşıl enerji” ilə bağlı qarşısına reallığa əsaslanan və özünü
doğruldan hədəflər qoyub və onları ardıcıl şəkildə həyata
keçirir.

Bu aspektdə, qarşıdakı iki il ərzində “yaşıl enerji”nin
inkişafının birinci mərhələsi – 10 günəş və külək elektrik
stansiyasının inşası – planlaşdırıldığı kimi uğurla başa
çatdırılacaq. Bu çərçivədə 240 MVt gücündə “Xızı-Abşeron” Külək
Elektrik Stansiyası ilin sonunadək tam istismara veriləcək.
Stansiyanın Abşeron və Xızı sahələrində ümumilikdə 37 turbindən
35-i (227,5 MVt gücündə) artıq quraşdırılıb, qalan 2 turbinin
quraşdırılması isə oktyabr ayı ərzində tamamlanacaq. İki 220/33
kV-luq yarımstansiyadan biri inşa edilərək istismara tam hazır
vəziyyətə gətirilib, digər yarımstansiyanın tikintisi isə gələn ay
yekunlaşacaq. Bu yaxınlarda ilk panelin quraşdırılması ilə 445 MVt
gücündə “Biləsuvar” Günəş Elektrik Stansiyasının tikintisinə də
start verilib. 943 mindən çox paneldən ibarət olacaq bu stansiya
regionun ən böyük günəş enerji layihələrindən biridir. Həm bu
stansiya, həm də 315 MVt gücə malik “Neftçala” Günəş Elektrik
Stansiyasının gələn il, 240 MVt gücündə “Abşeron-Qaradağ” Külək
Elektrik Stansiyası və qoyuluş gücü 240 MVt olan “Şəfəq” Günəş
Elektrik Stansiyasının isə 2027-ci ildə istismara verilməsi
planlarına uyğun işlər ardıcıl şəkildə davam etdirilir. Cəbrayılda
50 MVt gücündə “Şəms” və 50 MVt gücündə “Üfüq” günəş elektrik
stansiyalarının təməlinin yaxın zamanda qoyulması planlaşdırılır.
Ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi –
100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının tikintisinə
başlanması və əlavə 100 MVt-lıq günəş enerjisi layihəsi üzrə də
intensiv işlər görülür. Bu layihələrin reallaşması sayəsində
2027-ci ilə qədər quraşdırılmış gücdə bərpa olunan enerjinin payı
33,7 faizə çatacaq. Stansiyalardan əldə olunacaq illik 5 milyard
kVt·saat elektrik enerjisi hesabına 1 milyard kubmetrdən çox təbii
qaza qənaət və 2,3 milyon tonadək emissiya azalması təmin
ediləcək.

Bir məqama xüsusilə diqqət yetirmək lazımdır: dünyada bərpa
olunan enerji siyasət, texnologiya və investisiya baxımından ən
güclü şəkildə dəstəklənərək, istehsal gücləri ilbəil artsa da
mövcud inkişaf tempi hələ də “yaşıl keçid”lə bağlı gözləntilərə tam
cavab vermir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA)
məlumatına görə, ötən il dünyada 582 QVt yeni bərpa olunan enerji
gücü quraşdırılıb. Lakin bu göstərici 2030-cu ilədək bərpa olunan
enerji gücünü üç dəfə artırmaq hədəfinə çatmaq üçün tələb olunan
illik 16,6 faiz artım tempindən geri qalır. Həmçinin dünyanın bir
sıra ölkələrində enerji kəsintiləri və şəbəkələrin yüklənməsi
halları müşahidə olunur. Bütün bunlar isə göstərir ki, bərpa olunan
enerjinin sürətli inkişafı üçün şəbəkə və enerji saxlama
infrastrukturunun genişləndirilməsi, enerji sistemlərinin yeni
gücləri qəbul etməyə hazırlığı, bu enerjinin təhlükəsiz və səmərəli
idarə olunması, eləcə də effektiv balanslaşdırmanın təmin edilməsi
olduqca vacibdir. Bu baxımdan, ölkəmizdə bərpa olunan enerji
güclərinin yaradılması prosesi ilk mərhələdən etibarən onların
enerji sisteminə inteqrasiyası və şəbəkə infrastrukturunun
gücləndirilməsi ilə sıx vəhdətdə həyata keçirilir. Bu sistemli
yanaşma “yaşıl enerji”nin inkişafında rasional planlaşdırmanın əsas
götürüldüyünü və Azərbaycanın qlobal bərpa olunan enerji
çağırışlarına çevik və məqsədyönlü şəkildə cavab verdiyini aydın
şəkildə nümayiş etdirir. 2 QVt-lıq bərpa olunan enerji gücünün
idarə olunması üçün 250 MVt gücündə və 500 MVt/saat saxlama həcminə
malik batareya sistemlərinin qurulması, həmçinin Dünya Bankının
dəstəyi ilə 1 QVt gücündə günəş və külək elektrik stansiyalarının
şəbəkəyə qoşulması üçün elektrik verilişi xətləri, habelə 500/300
kV-luq “Nəvahi” yarımstansiyası və əlaqələndirici xətlərin
tikintisini ehtiva edən AZURE layihəsinin həyata keçirilməsi bu
sahədə görülən əsas tədbirlərdəndir.

Planlarımız 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmış
gücdə payını 38 faizə yüksəltməkdir. Bu məqsədlə tərəfdaşlarımızla
imzalanmış müqavilələr çərçivəsində quruda və dənizdə əlavə 700 MVt
gücün yaradılmasına da enerji sisteminin inteqrasiya imkanları və
dayanıqlılığının təmin olunması baxımından yanaşırıq. Bu
istiqamətdə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və
Mühəndislik İnstitutu (EPPEI) ilə elektrik enerjisi ötürmə
şəbəkəsinin tədqiqi sahəsində əməkdaşlıq edirik. Tədqiqat
çərçivəsində ötürücü şəbəkə üçün texnoloji və iqtisadi baxımdan
optimal həllərin müəyyən edilməsi məqsədilə ilk mərhələdə bərpa
olunan enerji üzrə potensial tələbat qiymətləndiriləcək, növbəti
mərhələdə isə generasiya güclərinin şəbəkəyə inteqrasiya imkanları
təhlil olunacaq. Daxili tələbatın təminatı məqsədilə bərpa olunan
enerji mənbələrinin inkişafına bu cür ehtiyatlı və mərhələli
yanaşma isə enerji təhlükəsizliyinə dair məsuliyyətli mövqeyimizin
təzahürüdür.

Uzunmüddətli “yaşıl enerji” gündəliyimizin bütün istiqamətləri
beynəlxalq enerji şirkətləri ilə tərəfdaşlıq əsasında irəliləyir.
Bunun nəticəsində Azərbaycan artıq genişmiqyaslı “yaşıl enerji”
əməkdaşlıq ekosistemi formalaşdırmağa nail olub. Bu əməkdaşlıq
çərçivəsində “Masdar”, “ACWA Power”, BP, “SOCAR Green”, “Nobel
Energy”, AGEC, Baltech, “Universal International”, “China Datang”,
China Energy, Power China, TotalEnergies, Elecnor və ROX kimi
aparıcı beynəlxalq şirkətlər töhfələri ilə Azərbaycanın yaşıl
inkişafının bir parçasına çevrilirlər. Dövlət başçısının
vurğuladığı kimi, təkcə enerji sərvətlərinə malik olmaq kifayət
deyil. “Qonşularınızla, onların qonşuları ilə möhkəm və
etibarlı münasibətlər qurmalısınız ki, enerji, təhlükəsizlik və
regional bağlantı layihələrini uğurla həyata keçirə biləsiniz.
Buradakı birinci prioritet əməkdaşlığın gücləndirilməsidir, çünki
əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri
mümkün olmazdı.”
Bu bağlılıqda “yaşıl enerj”i tərəfdaşlıq
əlaqələrimizin səviyyəsi ölkələrarası münasibətlərin xarakteri ilə
tam şəkildə uzlaşır. Azərbaycan Prezidenti İlham Əliyevin qlobal
nüfuzu, dostluğa və etimada əsaslanan çoxtərəfli əməkdaşlıq
siyasəti ölkəmizin “yaşıl enerji” sahəsindəki hədəflərinin
reallaşmasına davamlı dinamizm qazandırır. Bunun bariz nümunəsi
kimi bu ilin aprelində Pekində Azərbaycan Respublikası ilə Çin Xalq
Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin
qurulması haqqında Birgə Bəyanatın imzalanmasını göstərmək olar. Bu
sənəd bərpa olunan enerji sahəsində əməkdaşlıqda yeni mərhələnin
əsasını qoydu. Quruda günəş, dənizdə külək enerjisi,
hidroakkumulyasiya və batareya saxlama sistemləri, eləcə də
elektrik şəbəkəsi infrastrukturuna dair çoxsaylı müqavilələrin
imzalanması, “China Energy Engineering Corporation Limited” şirkəti
ilə əməkdaşlığın strateji səviyyəyə yüksələrək hərtərəfli xarakter
alması və 2032-ci ilədək Çin şirkətləri ilə ümumi gücü azı 1000 MVt
olan layihələrin həyata keçirilməsinə başlanması bu istiqamətdə
atılan mühüm addımlardandır. Yaxud 2025-ci ilin avqustunda
Vaşinqtonda imzalanan Anlaşma Memorandumu enerji sahəsində
sərmayələrin artırılması və regional bağlantılar üzrə
infrastrukturun genişləndirilməsini Strateji Tərəfdaşlıq
Xartiyasının prioritet istiqamətlərindən biri kimi təsbit edərək,
“yaşıl enerji” ilə bağlı regional baxışımıza əlavə güclü stimul
verir. Həmçinin əldə olunmuş tarixi razılaşma əsasında Zəngəzur
dəhlizini əhatə edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu”nun (TRIPP) reallaşdırılması uzun illərdən sonra
Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz quru
əlaqəsini bərpa etməklə yanaşı, regionlararası “yaşıl enerji”
inteqrasiyasının genişlənməsinə və Orta Dəhliz boyunca “yaşıl
enerji” qurşağının formalaşmasına yeni imkanlar açır.

Bu yeni geosiyasi reallıqlar Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının “yaşıl enerji zonaları” kimi inkişafına
regional miqyas və strateji məzmun qazandıraraq, onların istehsal
və ixrac mərkəzlərinə çevrilməsi prosesini daha da aktuallaşdırır.
Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun
modern quruculuq prinsiplərinə, xalis sıfır emissiyalı “Yaşıl
Enerji Zonası” Konsepsiyasına əsaslanan inkişafı ilə bağlı strateji
qərarı bu gün həm mühüm nəticələr verir, həm də Naxçıvan Muxtar
Respublikası üçün nümunəvi rol oynayır.

Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan enerji potensialından
geniş və səmərəli istifadə çərçivəsində Cəbrayılda 340 MVt gücündə
günəş elektrik stansiyaları inşa ediləcək. Kəlbəcərdə isə 240 MVt
gücündə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədilə
“Baltech” şirkəti tərəfindən dəniz səviyyəsindən 3100 metr
yüksəklikdə külək potensialının ölçülməsinə başlanılıb.

Su elektrik stansiyaları isə bölgənin “təmiz enerji” təminatının
əsas mənbəyidir. Ötən il istehsal olunan 573 milyon kVt·saat
elektrik enerjisinin 40 faizi regionun daxili tələbatını ödəyib, 60
faizi isə ölkənin ümumi enerji sisteminə ötürülüb. Su elektrik
stansiyalarının ümumi gücünün 500 MVt-a çatdırılması planına uyğun
olaraq, indiyə qədər 307 MVt gücündə 38 stansiya istismara verilib.
Bu, il ərzində 800 milyon kVt·saatdan çox “yaşıl enerji”nin
istehsalı, 200 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi,
istixana qazı emissiyalarının isə 400 min tondan çox azalması
deməkdir. Hazırda Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları
üzərində özəl investisiyalar hesabına 13 MVt gücündə 4 kiçik su
elektrik stansiyasının tikintisi davam edir, 2026-cı ildə isə 5
əlavə stansiyanın istifadəyə verilməsi planlaşdırılır. Araz çayı
üzərində 100 MVt gücündə “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası”
su elektrik stansiyalarının tikintisinə başlanması üçün tender
prosesinə hazırlıq görülür. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda
su, günəş, külək və damüstü panellər hesabına istehsal gücünün 1,6
QVt-a çatması gözlənir, bu isə daxili tələbatdan iki dəfə artıq
enerjinin “Cəbrayıl” enerji qovşağı vasitəsilə ixracına və bölgədə
yeni imkanların yaranmasına yol açacaq.




“Yaşıl enerji” zonasının yaradılması yalnız bərpa olunan
enerjinin inkişafı ilə məhdudlaşmır, eyni zamanda enerji keçidinin
bütün komponentlərini təşviq edir. Bu çərçivədə azad edilmiş
ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial
binalarda ümumi gücü 5000 kVt-dan çox olan günəş panelləri
quraşdırılıb, 200-dən artıq günəş kollektoru, 3000-dən çox enerji
səmərəli işıq dirəyi, 20 elektrik doldurma məntəqəsi və “ağıllı”
dayanacaqlar istifadəyə verilib. Xüsusilə binaların və fərdi
evlərin tikintisində enerji səmərəliliyi prinsipinə ciddi əməl
olunur. Bu tədbirlər davamlı xarakter daşıyır və bütün səylərimiz
innovativ təcrübənin geniş tətbiqi ilə azad edilmiş əraziləri
enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə yönəlib.

Bərpa olunan enerjinin texniki potensialı 21-29 QVt, iqtisadi
potensialı isə 5,8-6,9 QVt həcmində qiymətləndirilən Naxçıvanda da
inkişaf prosesi dövlət başçısının “yaşıl enerji” zonası ilə bağlı
strateji baxışına uyğun şəkildə həyata keçirilir. Bu məqsədlə
Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişaf
strategiyasının tərkib hissəsi kimi “Yaşıl Enerji Zonası”
Konsepsiyası və onun icrasını təmin edən Tədbirlər Planı
hazırlanıb. Konsepsiya Naxçıvanda bərpa olunan enerji mənbələrindən
istifadənin genişləndirilməsini, enerji müstəqilliyinin və
dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə
infrastrukturunun qurulmasını, enerji ixrac imkanlarının
artırılmasını və karbon emissiyalarının əhəmiyyətli dərəcədə
azaldılmasını hədəfləyir. Konsepsiya Naxçıvan iqtisadi rayonuna
daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad,
Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir. 2026-2030-cu illər
üzrə 4 əsas sahədə müəyyənləşdirilmiş 12 prioritet istiqamət enerji
sahəsində həm strateji, həm də sektorlararası yanaşmanı əks
etdirir. Sənaye sektorunda enerji səmərəliliyinin artırılması və
“yaşıl enerji”nin tətbiqi, sənaye miqyaslı bərpa olunan enerji
layihələrinin reallaşdırılması əsas hədəflərdəndir. Nəqliyyat
sektorunda dekarbonizasiya, “ağıllı infrastruktur”un təşkili və
elektromobillərə keçidin təşviqi nəzərdə tutulur. Tikinti və
şəhərsalma sahəsində ekoloji dayanıqlıq və resurs səmərəliliyi,
kənd təsərrüfatında isə bioenerji imkanları və “yaşıl
texnologiya”ların tətbiqi prioritetləşdirilir.

Hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı
elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında
isə 48 faiz təşkil edir. Yaxın perspektivdə 50 MVt gücündə günəş
elektrik stansiyasının, eləcə də 51,6 MVt gücündə Tivi və Ordubad
su elektrik stansiyalarının istismara verilməsi ilə bu
göstəricilərin daha da artacağı gözlənilir. Həmçinin bərpa olunan
enerji layihələri üçün nəzərdə tutulan torpaq sahələrində əsasən
ixrac məqsədilə 3 QVt-dan artıq günəş və külək enerjisi istehsal
gücünün yaradılması mümkündür. Bu potensialdan yararlanmaq üçün
Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı və şəbəkəyə
qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə hər iki ölkənin
birgə iştirakı ilə tədqiqatlar aparılır. Azərbaycan, elektrik
enerjisinin Naxçıvandan birbaşa Türkiyəyə, oradan isə Avropaya
ötürülməsi ilə yanaşı, Zəngəzur dəhlizi vasitəsilə Ermənistan
üzərindən nəql perspektivinə də malikdir. Bu təşəbbüs yalnız
Naxçıvanın elektroenergetika sistemini ölkənin enerji şəbəkəsinə
birləşdirmir, eyni zamanda “Azərbaycan (Naxçıvan MR) – Türkiyə –
Avropa Enerji Qovşağı” layihəsinin reallaşması baxımından da
strateji əhəmiyyət kəsb edir. Layihə çərçivəsində Naxçıvanda
400/330/110/35/10 kV-luq çevirici yarımstansiyanın, 330 kV-luq
“Cəbrayıl-Naxçıvan” və 400 kV-luq “Naxçıvan-Türkiyə” elektrik
verilişi xətlərinin tikintisi üzrə hazırlıq və mühəndislik işləri
həyata keçirilir. Cəbrayıl enerji qovşağını Naxçıvanla birləşdirən
infrastruktur sayəsində bu strateji bölgələr nəinki inteqrasiya
olunacaq, həm də ölkənin “yaşıl enerji” təchizat siyasətini daha
balanslı və dayanıqlı edəcək. Davamlı sülhün təminatında mühüm
elementlərdən biri olan regional bağlantılar amili Zəngəzur
dəhlizinin timsalında, ölkəmizin digər bölgələrindən, Xəzər
dənizindən və Mərkəzi Asiyadan “yaşıl enerji”nin nəqli üçün
marşrutları və bazarları şaxələndirərək, Azərbaycanı regionun əsas
enerji nəqliyyat qovşaqlarından birinə çevirəcək.

Bu dəhliz də daxil olmaqla ölkəmizdə bərpa olunan enerjinin
regional xarakterli növbəti inkişaf mərhələsi Xəzər dənizinin
zəngin külək enerjisi potensialının reallaşdırılmasına və
Azərbaycan vasitəsilə Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Türkiyə və
Avropanı birləşdirən “yaşıl enerji” dəhlizlərinin yaradılmasına
əsaslanır. Bu layihələr ölkəmizin Avropanın enerji təchizatındakı
strateji mövqeyini daha da gücləndirərək, Avrasiya məkanında enerji
əməkdaşlığının yeni geoiqtisadi arxitekturasını formalaşdıracaq.
Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi
potensialının qiymətləndirilməsi istiqamətində ölçmə və müşahidə
işləri aparılır, müvafiq dəniz akvatoriyalarının bərpa olunan
enerji zonaları kimi müəyyənləşdirilməsi üzrə fəaliyyətlər davam
etdirilir. Həmçinin “ACWA Power”, “Masdar” və “SOCAR Green”
şirkətlərinin birgə yaratdığı “Caspian Breeze” Konsorsiumu, eləcə
də “China Energy Overseas Investment Co., Ltd.”, “China Datang
Overseas Investment Co. Ltd.” və “PowerChina Resources Limited”
şirkətləri ilə əməkdaşlıq edilir. Planlaşdırılan 6 QVt-dan çox
gücün 4 QVt-nın 2032-ci ildən etibarən mərhələli şəkildə
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixracına
başlanması planlaşdırılır. Avropanı enerji və rəqəmsal
kommunikasiya baxımından Qara dənizin hər iki sahilindən, eləcə də
Xəzər dənizi regionu ilə birləşdirəcək layihənin texniki-iqtisadi
əsaslandırmasının gələn ilin əvvəlində yekunlaşması gözlənilir.
Birgə Müəssisə – “GECO Green Energy Company” tərəfindən layihənin
Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E)
10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün müraciət
olunub. Növbəti mərhələdə layihəyə PCI/PMI (Qarşılıqlı və Ortaq
Maraqlı Layihələr) statusunun əldə edilməsi üçün müraciət
ediləcək.

Digər bir “yaşıl enerji” dəhlizi üzrə işlər ötən il COP29
çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan Prezidentlərinin
iştirakı ilə üç ölkə arasında yaşıl enerjinin inkişafı və
ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası
Sazişin imzalanması ilə başlandı. Azərbaycan Prezidenti İlham
Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid
geosiyasi məkan kimi inkişaf etdirmək siyasətinin prioritetləri ilə
uzlaşan “Transxəzər Enerji Dəhlizi” tarixdə ilk dəfə ölkələrimizin
elektrik enerjisi sistemlərinin birləşdirilməsinə imkan yaradır.
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə qərargahı
Bakıda yerləşən “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə təsis
edilib və şirkət seçimi tamamlandıqdan sonra noyabr ayında Asiya
İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankının
maliyyə dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmasının
hazırlanmasına başlanacaq.

Bu ilin aprelində imzalanmış Memoranduma əsasən,
“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi”
layihəsinin isə Texniki Tapşırıq sənədi hazırlanır və sənədin
tamamlanmasından sonra məsləhətçi şirkətin seçimi üçün tender
keçiriləcək. Beləliklə, müxtəlif dəhlizlər və interkonnektorlar
gələcəkdə bir-biri ilə əlaqələndirilərək, Mərkəzi Asiyadan Avropaya
qədər geniş coğrafiyada Azərbaycanı bərpa olunan enerjinin ixracı
və tranzitində aparıcı ölkə mövqeyinə yüksəldəcək. Eyni zamanda, bu
layihələr uzaq məsafəli enerji mənbələrinin istehlak mərkəzləri ilə
inteqrasiyasını təmin edərək, enerji təchizatı ilə tələbat arasında
tarazlığı qoruyacaq və böyük həcmdə “yaşıl enerji” güclərinin
şəbəkəyə qoşulmasını reallaşdırmaqla qlobal miqyasda “yaşıl keçid”
prosesinə mühüm töhfə verəcək.

Bu gün diqqətimizi sıfır emissiyalı gələcəyə aparan digər əsas
enerji mənbəyi – hidrogenə də yönəldirik. Hidrogen Azərbaycanın
“yaşıl inkişaf” və enerji təchizatçısı gündəliyinin tərkib
hissəsidir. Ölkəmizdə hidrogenin müxtəlif növlərinin istehsalı,
istehlakı və ixracını əhatə edən Milli Strateji Baxış Sənədinin
icrası üçün Fəaliyyət Planının hazırlanması məqsədilə məsləhətçi
şirkətin seçilməsi prosesi yekunlaşmaq üzrədir. Bu plan
Azərbaycanın hidrogen sahəsində sistemli və məqsədyönlü
irəliləyişini təmin edərək, ölkəmizin qlobal enerji trendlərinə
uyğunlaşmasını sürətləndirəcək.

Enerji sektorunda dayanıqlı və aşağı karbonlu həllərə doğru
irəliləyən Azərbaycanın planlarında geotermal enerji də mühüm yer
tutur. Azərbaycanın geotermal istilik potensialı 571,2 MVt,
elektrik enerjisi potensialı isə 57,1 MVt qiymətləndirilir.
Perspektivli bölgələr arasında Böyük Qafqaz, Şamaxı-Qobustan,
Kəlbəcər-Laçın, Masallı-Astara və Naxçıvan yer alır. Pilot
layihələr çərçivəsində istismarı başa çatmış neft və qaz
quyularından istifadə edilərək enerji istehsalı nəzərdə tutulur:
Bibiheybətdə bu quyular vasitəsilə istilik enerjisi, Kürdəmirdə isə
elektrik enerjisi əldə ediləcək. Masallıda isə hibrid texnoloji
həllərlə istixanalar qızdırılacaq. Tədqiqatlar göstərir ki,
geotermal enerji bioenerji ilə birləşdirildikdə daha dayanıqlı və
aşağı karbonlu enerji sistemlərinin yaradılmasına imkan verir.

Enerji keçidinin mühüm komponentlərindən biri olan enerji
səmərəliliyi də ölkəmizin davamlı inkişaf strategiyasının
mərkəzində dayanır. Enerji səmərəliliyinə dair qanunvericilik və
normativ-hüquqi çərçivənin yaradılması ilə yanaşı, onun bütün
sahələrdə geniş tətbiqi və insanların gündəlik davranışına
çevrilməsi əsas prioritetlərimizdəndir. Bu sahədə qanunvericiliyin
effektiv icrası və nəzarətin təmin olunması məqsədilə Enerji
Effektivliyi İnformasiya Sisteminin (EEİS) yaradılması və onun veb
sayt və mobil tətbiqlər vasitəsilə istifadəyə verilməsi
istiqamətində işlər aparılır. Binaların pasportlaşdırılması ilə
bağlı hüquqi məsələlər tamamlandıqdan sonra bu proses də EEİS-ə
inteqrasiya ediləcək. Enerjinin istehsalı, nəqli, ötürülməsi və
paylanması sahələrində effektivlik potensialının
qiymətləndirilməsinə, eləcə də qeyri-yaşayış binaları və təsərrüfat
subyektlərində enerji idarəçilərinin təyin edilməsinə başlanıb.
Eyni zamanda enerji istehlak edən 9 məhsul üzrə enerji
etiketlənməsi və ekoloji dizayn tələblərini əhatə edən 17 texniki
reqlament hazırlanıb. Həmçinin enerji resurslarından səmərəli
istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması
və təşviqi məqsədilə yaradılmış “Enerji Effektivliyi Fondu”nun
vəsaitləri hesabına yaxın perspektivdə güzəştli kreditlərin
verilməsi, pilot layihələrin maliyyələşdirilməsi, qrant və
subsidiyaların ayrılması məqsədilə normativ baza hazırlanıb.
Hazırda Enerji Məsələlərini Tənzimləmə Agentliyi müvəkkil kredit
təşkilatları ilə əməkdaşlıq edərək güzəştli kreditlərin verilməsi
üçün tədbirlər görür; bu isə enerji resurslarından səmərəli
istifadəyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına və enerji
səmərəliliyi üzrə maliyyə təşviqlərinin davamlı şəkildə həyata
keçirilməsinə şərait yaradacaq.

Enerji səmərəliliyinin geniş tətbiqi ilə yanaşı, AERA-nın
tənzimləyici və nəzarətedici fəaliyyəti enerji sektorunda bazar
münasibətlərinin formalaşmasına, effektiv idarəetmənin, şəffaflığın
və hesabatlılığın təmin olunmasına mühüm töhfə verir. Ötən dövr
ərzində Agentlik elektrik enerjisinin ötürülməsi, topdan və
pərakəndə satış qiymətləri ilə bağlı təkliflər hazırlayaraq bazar
islahatlarının tətbiqinə dəstək verib. Elektrik enerjisi bazarının
effektiv təşkili məqsədilə elektroenergetika sektorunda tənzimlənən
qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları hazırlanıb.
“Energetika sahəsində tənzimləyici haqqında” qanun layihəsi yenidən
işlənilib. Elektrik qurğularının quraşdırılması, texniki istismarı
və təhlükəsizlik texnikası qaydaları təsdiq olunaraq tətbiqə
verilib. Hazırda istilik qurğularının texniki istismar və
təhlükəsizlik qaydalarının layihələri üzərində işlər davam edir.
Qaz qurğularının, xətlərin, tüstü bacalarının və havalandırma
sistemlərinin təhlükəsiz istismarı və yol verilmiş pozuntuların
aşkar edilərək aradan qaldırılması üçün monitorinqlər aparılıb,
nəticələr qanunvericiliyə uyğun aktlarla rəsmiləşdirilib. Dövlət
müəssisələrində elektrik və istilik enerjisindən istifadənin
səmərəliliyi, təhlükəsizlik qaydalarına əməl olunması və qaz
qurğularının etibarlı istismarı ilə bağlı 2000-ə yaxın nəzarət
tədbiri həyata keçirilib. Aşkar edilmiş pozuntuların aradan
qaldırılması təmin olunub.

Qanunvericilik bazasının təkmilləşdirilməsi və energetika
sektorunda islahatların davamı çərçivəsində “İstilik təchizatı
haqqında” və “Qaz təchizatı haqqında” qanunların qəbulu da atılan
mühüm addımlardandır. İstilik təchizatı ilə bağlı bu qanun yeni
tikiləcək binalarda mərkəzləşdirilmiş sistemlərin tətbiqini məcburi
edir ki, bu da enerji resurslarına qənaət, ətraf mühitə atılan
emissiyaların azalması və xidmət keyfiyyətinin yüksəlməsini təmin
edəcək. Qanun, həmçinin istilik istehsalı, paylanması və satış
subyektlərinin hüquq və vəzifələrini aydınlaşdırır, dövlət və özəl
sektor arasında şəffaf və səmərəli münasibətlərin formalaşdılmasına
imkan yaradır. Qaz təchizatına dair yeni qanun isə qazın nəqli,
paylanması, saxlanması, topdan və pərakəndə satışları, habelə
idxalının Dövlət Neft Şirkətinin tabeliyində ayrı-ayrı hüquqi
şəxslər tərəfindən həyata keçirilməsi qaz təchizatı subyektləri
üzrə maliyyə şəffaflığı, xərc əsaslı qiymətlərin (tariflərin) daha
düzgün müəyyən olunması, çarpaz subsidiyalaşmanın qarşısının
alınması, həmçinin maliyyə intizamlığının təmin edilməsinə gətirib
çıxaracaqdır. Bu islahatlar Azərbaycanın enerji təhlükəsizliyini
möhkəmləndirir və energetika sektorunu daha müasir və
rəqabətədavamlı edir.

Bütün bunlar Ulu Öndər Heydər Əliyevin, Azərbaycan İES-in
birinci enerji blokunun istifadəyə verilməsi nümunəsində ötən əsrin
80-ci illərindən başlayaraq enerji müstəqilliyi ilə bağlı həyata
keçirdiyi uzaqgörən və fədakar siyasətinin Prezident İlham Əliyev
tərəfindən davam etdirilərək etibarlı enerji təchizatçısı statusuna
yüksəltdiyi ölkəmizin energetika sektorunda əldə olunan uğurların
yalnız müəyyən bir hissəsidir. Azərbaycan energetikləri bu xəttin
bundan sonra da davam etdirilməsi missiyasını şərəflə yerinə
yetirərək müasir və güclü Azərbaycanın gələcəyinin daim işıqlı
olmasına fədakar əməkləri ilə töhfə verəcəklər.