Bakı. Trend:
Çin Dövlət Təhlükəsizlik Nazirliyi ABŞ kəşfiyyat orqanlarını
məxfi məlumatları oğurlamaqda və Milli Zaman Mərkəzinin
şəbəkələrinə hücum etməkdə ittiham edib.
Trend xəbər verir
ki, bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.
Məlumata görə, kiberhücumlar mərkəzin normal fəaliyyətinə təsir
göstərə bilərdi. Şaansi əyalətinin Sian şəhərində yerləşən və Çin
Elmlər Akademiyasına bağlı olan Milli Zaman Mərkəzi ölkədə dəqiq
standart vaxtın ötürülməsinə cavabdehdir.
Çinin əks-kəşfiyyat agentliyinin məlumatına əsasən, ABŞ Milli
Təhlükəsizlik Agentliyi 2022-ci ilin martında həssas məlumatları
oğurlamağa başlayıb. 2023-cü ilin aprelində isə ABŞ kəşfiyyatı
mərkəzin kompüter sistemlərinə daxil olmaq və şəbəkələrini öyrənmək
üçün oğurlanmış parollardan istifadə edib.
Bildirilib ki, hücumlar zamanı ABŞ, Avropa və Asiyada yerləşən
virtual serverlərdən istifadə olunub. Çin dövlət təhlükəsizlik
orqanları hücumlara dair sübutlar aşkar edərək, Milli Zaman
Mərkəzinə araşdırma aparmaq, hücumları dayandırmaq və təhlükəsizlik
protokollarını gücləndirmək tapşırığı verib.

