
Bakı. Trend:
Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Vatikan
şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella
Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak
ediblər.
Trend xəbər verir ki,
Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və
ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin,
ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul
edilir. Bildirilib ki, bir çox faydalı xüsusiyyətlərə malik olan
nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə
olunur.
Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan
bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac
arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək.
Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə
Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə
Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək, onun
dövlətlərimiz arasında yüksələn xəttlə inkişaf edən dostluğun və
əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğulayıb.


