
Bakı. Trend:
bp, Azərbaycanın mədəniyyət tarixinin zirvəsində duran nəhəng
şəxsiyyətlərdən biri, xalqın milli klassik musiqisinin və
professional bəstəkarlıq məktəbinin banisi, ilk milli operanın
müəllifi, görkəmli maarifçi, dramaturq və publisist Üzeyir bəy
Hacıbəylinin anadan olmasının 140 illiyini Azərbaycan xalqı ilə
birlikdə bayram etməkdən qürur duyur.
Bu əlamətdar hadisə münasibətilə bp dahi bəstəkarın misilsiz
irsinin qorunmasına töhfə olan xüsusi kitablar komplektinin nəşrinə
dəstək verib.
Layihə Azərbaycanın mədəni irsinin, o cümlədən onun zəngin
tarixinin və əsrarəngiz sənət xəzinəsinin təbliği və tədqiqinə
dəstək istiqamətində bp-nin davamlı öhdəliyini əks etdirir.
Yeni nəşrlər dünən bp-nin Üzeyir Hacıbəylinin xatirəsinə həsr
edilmiş tədbirində ictimaiyyətə təqdim olunub. Tədbirdə həmçinin
bəstəkarın şah əsərlərindən ibarət konsert proqramı da yer alıb.
Yeni təqdim olunan nəşrlər bunlardır:
Üzeyir Hacıbəylinin indiyə kimi çap olunmamış əsərlərindən
ibarət nəşrlər komplekti (2 kitab);
Bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotoalbom;
Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyi üçün məlumat kitabçası.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli,
dedi:
“Bu nəşrləri təqdim etmək bizim üçün böyük şərəfdir. Bu, Üzeyir
Hacıbəylinin möhtəşəm irsinə və Azərbaycanın milli musiqisinə
verdiyi əvəzsiz töhfələrə dərin ehtiramımızın ifadəsidir. Onun
milli musiqimizin ruhu və nəfəsi ilə yoğrulmuş və dünya musiqi
ritmləri ilə zənginləşdirilmiş, dərin sənət ustalığı və emosional
dolğunluqla yaradılmış əsərləri bu gün də həm Azərbaycanda, həm də
onun hüdudlarından kənarda insanları ruhlandırır. Ümid edirik ki,
bu nəşrlər Üzeyir bəyin nəhəng irsinin və onun yalnız bir bəstəkar
kimi deyi, həm də böyük alim və publisist kimi gələcək nəsillərin
formlaşmasına zamansız təsir gücünün daim yaşamasına xidmət
edəcək.”
Ümumi dəyəri 127560 AZN (75035 ABŞ dolları) olan bu layihə
“Azərnəşr” tərəfindən həyata keçirilib. Bu məbləğ yeni nəşrlərin
toplanması, hazırlanması və çapını, həmçinin konsert proqramının
təşkilini əhatə edir.

