
Bakı. Trend:
Bu gecə Günəşdə M sinfinə aid, yəni ən güclü siniflərdən birinə
daxil olan iki partlayış baş verib.
Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika
İnstitutu məlumat yayıb.
“17 oktyabr saat 02:19-da (Bakı vaxtı ilə 03:19) rentgen
diapazonunda 4246 (N23W67) ləkə qrupunda 16 dəqiqə davam edən M1.0
sinifli partlayış qeydə alınıb…Saat 04:28-də (Bakı vaxtı ilə
05:28) isə eyni ləkə qrupunda 25 dəqiqə davam edən M1.5 sinifli
partlayış müşahidə olunub,” – deyə məlumatda bildirilir.
Rentgen şüalanmasının gücünə görə günəş partlayışları beş sinfə
bölünür: A, B, C, M və X.
Ən aşağı A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovatt
gücündə şüalanmaya uyğundur. Hər növbəti hərfə keçiddə bu güc 10
dəfə artır. Günəş partlayışları bəzən günəş plazmasının
tullantıları ilə müşayiət olunur; bu plazma buludları Yerə çatdıqda
maqnit qasırğalarına səbəb ola bilər.


