Zakir Həsənov Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsini yoxlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə
Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunun bölmələrinin
təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, komando hərbi hissəsində və digər bölmələrdə olan
nazirliyin rəhbərliyi hərbi qulluqçuların sosial-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı görülmüş işlərin keyfiyyəti və qoşun
xidmətinin təşkili ilə tanış olublar.
Yerlərdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan
sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov qışa hazırlıq,
bölmələrimizin xidmət və məişət şəraitinin yaxşılaşdırılması,
qoşunların döyüş qabiliyyətinin daha da artırılması, silah və
texnikaya mövsümi qulluq, həmçinin fasiləsiz təminat üzrə müvafiq
vəzifəli şəxslərə əlavə tapşırıqlar verib.




Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək
qiymətləndirən müdafiə naziri hərbi qulluqçularla görüşüb, onları
maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.

Görüşdə müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata
keçirilən uğurlu islahatlardan, dövlət başçısının mötəbər
tədbirlərdə iştirak edərkən xalqımızın maraq və mövqeyini
qətiyyətlə müdafiə etməsi nəticəsində ölkəmizin beynəlxalq aləmdə
nüfuzunun artmasından danışıb, həmçinin Ali Baş Komandanın
Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə
çatdırıb.
Daha sonra hərbi qulluqçular arasında ⁠nizam-intizama və
təhlükəsizlik qaydalarına ciddi əməl olunması, qarşılıqlı
münasibətlərin düzgün qurulması, eləcə də şəxsi heyətin
sağlamlığına daha həssaslıqla yanaşmaq barədə vəzifəli şəxslərə
müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkili, şəxsi
heyətin bütün növ təminatının diqqət mərkəzində saxlanılması,
həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin
gücləndirilməsi barədə komandir-rəis heyəti qarşısında konkret
tapşırıqlar qoyub.