Con Bolton məxfi məlumatların səhv idarə edilməsində ittiham edilib

Baş səhifə
Con Bolton məxfi məlumatların səhv idarə edilməsində ittiham edilib

Merilend ştatının böyük münsiflər heyəti keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu məxfi məlumatların səhv idarə edilməsində ittiham edib.

“Report” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, Bolton gizli məlumatları həyat yoldaşı və qızı ilə e-poçt yazışmalarında paylaşmış ola bilər.

Bu arada “The New York Post” qeyd edib ki, Bolton Ağ Evi tərk etdikdən sonra xarici siyasətlə bağlı materialları bilərəkdən üçüncü tərəflərə ötürüb.

Boltonla bağlı xəbəri şərh edən ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib ki, o, ittihamlardan indicə xəbər tutub və keçmiş milli təhlükəsizlik müşavirini “pis adam” adlandırıb.

Sentyabrın 24-də Politico-nun məhkəmə sənədlərinə istinadən verdiyi məlumata görə, Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Boltonun evində axtarış apararkən məxfi sənədlər aşkar ediblər. Bu sənədlər kütləvi qırğın silahlarına, ABŞ-ın BMT-dəki missiyasına və “ABŞ hökumətinin strateji kommunikasiyalarına” aiddir. Bəzi sənədlərdə “gizli” və ya “məxfi” işarəsi qoyulub. Onlar “Boltonun Vaşinqtonun mərkəzindəki ofisində” tapılıb.

Qeyd edək ki, avqustun 22-də Boltonun evində və ofisində axtarış aparılıb, kompüterlər və digər elektron cihazlar götürülüb.