AYNA taksi kvotası ilə bağlı yayılan yanlış məlumatlara aydınlıq gətirib

Baş səhifə

Bakı. Trend:

Son günlər ictimaiyyətdə taksi kvotalarının tətbiqi ilə bağlı
yanlış məlumatlar yayılmaqdadır. İnsanlar arasında belə bir fikir
formalaşıb ki, kvota tətbiqindən sonra sürücülər iş yerlərini
itirəcək, eləcə də avtomobillərin buraxılış kartları ləğv
olunacaq.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat
yayıb.

Bildirilib ki, bu iddialar reallığı əks etdirmir və əsassızdır.
Hazırda Bakı şəhərində taksi fəaliyyəti üçün 35000 aktiv buraxılış
kartı istifadədir. Qeyd edək ki, Nazirlər Kabinetinin taksi
nəqliyyat vasitələrinin sayına 25000 kvotanın tətbiq edilməsi heç
bir aktiv buraxılış kartının ləğv olunmasına səbəb olmayacaq.

Buraxılış kartı yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda
ləğv oluna bilər. Kvotaya uyğunlaşma “Lisenziyalar və icazələr
haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata
keçiriləcək.




Qeyd edək ki, limit sürücülərin yox, nəqliyyat vasitələrinin
sayına tətbiq edilir. Hazırda taksi daşımalarında sürücüyə kifayət
qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin
təlimləri və hazırlıq işləri davam etdirilir.

Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna
bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət
olunmasına töhfə verir.

Dövlət İmtahan Mərkəzi tərəfindən sürücülərin hazırlığının
qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar da davam edir.
İmtahanda uğurlu nəticə əldə etmiş və şəhadətnamə almış şəxslər
taksi fəaliyəti ilə məşğul ola biləcəklər.