Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə geriləyib – REYTİNQ

Baş səhifə

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə, avqust ayına nisbətən 7 pillə geriləyərək 154 ölkə arasında 83-cü olub.

APA-Economics” “Ookla” şirkətinin “Speedtest Global Index” hesabatına istinadən xəbər verir ki, sentyabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 84,02 (Mb/s) təşkil edib.

Siyahıda sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (400,68 MB/S), axırıncı yeri isə Suriya (3,43 MB/S) tutub.

Mobil internetin orta sürətinə görə isə, Azərbaycan ötən ay avqusta nisbətən 1 pillə geriləyərək 103 ölkə arasında 52-ci yerdə qərarlaşıb.

Məlumata görə, sentyabrda ölkədə mobil internetin orta sürəti 78,34 (Mb/s) olub.

Mobil internet sürətinə görə birinci yeri ABŞ (624,87 Mb/s), sonuncu yeri isə Boliviya (14,53 Mb/s) tutub.

Ötən ay Bakı şəhərinin sabit genişzolaqlı internetin orta sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə geriləyərək 198 şəhər arasında 85,28 Mb/s sürətlə 111-ci olub.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Çilinin Valparaiso şəhəri (398,21 Mb/s) başçılıq edib. Sonuncu pillədə Suriyanın Hələb (2,79 Mb/s) qərarlaşıb.

Bakı sentyabrda mobil internetin orta sürətinə görə isə, avqusta nisbətən mövqeyini dəyişməyərək 100,11 Mb/s sürətlə 151 şəhər arasında 81-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (671,44 Mb/s), sonuncu yeri Boliviyanın La Paz şəhəri (10,43 Mb/s) tutub.