
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında xarici maliyyə mənbələrindən
əsas kapitala 2,991 milyard manat məbləğində investisiya
edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən
38 faiz artıb.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların
2,244 milyard manatı neft-qaz sektoru, 746,4 milyon manatı isə
qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindən
Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş
investisiyaların həcmi 23 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2,2
dəfə artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 1 faiz çox investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz
azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi
isə 7 faiz artıb.
Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51 faizi məhsul
istehsalı sahələrinin, 4,298 milyard manatı (32,9 faizi) xidmət
sahələrinin, 2,102 milyard manatı (16,1 faizi) isə yaşayış
evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 51,6 faizi
dövlət, 48,4 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən
qoyulub. Sərmayə qoyuluşunun 78,8 faizi tikinti-quraşdırma işlərinə
sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş
investisiyanın dəyəri ümumi sərmayənin 77,1 faizini təşkil
edib.

