Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA “Ana təbiət” sərgisinin açılışında iştirak ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA
“Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb.

Trend xəbər
verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin və Azərbaycanın
Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən
sərginin açılış mərasimində çıxış edən səfir Nəsimi Ağayev daha
əvvəl bir sıra ölkələrdə uğurla həyata keçirilən bu mədəniyyət
layihəsinin Berlində təqdimatının əhəmiyyətini qeyd edib. Səfir
bildirib ki, mühüm problemlərin yaşandığı hazırkı çətin dövrdə
təbiət və insanlıq arasında bənzərsiz əlaqənin və vəhdətin
təbliğinə xidmət edən belə sərgilərin təşkili böyük önəm daşıyır.
Azərbaycanın nümunəsi göstərir ki, biz qüvvələrimizi birləşdirsək
iqlim dəyişikliyi probleminin qarşısını ala bilərik.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında MAMA “Ana təbiət”
sərgisində 31 ölkədən 54 rəssamın əsərlərinin təqdim olunduğunu
vurğulayaraq, bu əsərlərin incəsənətin sərhədləri aşaraq təbiəti
qorumaq istəyinin ifadəçisi olduğunu bildirib.

Sərginin təşkilatçılarına, layihəyə qoşulan rəssamlara
təşəkkürünü ifadə edən Leyla Əliyeva layihənin Bakıda başlandığını,
daha sonra Bəhreyn, London, Roma və Tbilisidə təqdim olunduğunu
diqqətə çatdırıb. Sərginin dünyanın ən “yaşıl” şəhərlərinin birində
– Berlində təşkilindən məmnunluğunu ifadə edən Leyla Əliyeva əsas
diqqəti iqlim problemlərinin yaratdığı fəsadlara cəlb edərək
Azərbaycanın müxtəlif ekosisteminin də bu təsirlərdən yan
keçmədiyini vurğulayıb, Xəzər dənizinin səthinin kiçildiyini, Xəzər
suitisi və Xəzər nərəkimiləri kimi nadir canlı növlərinin tədricən
yox olduğunu qeyd edib.

Rəhbəri olduğu IDEA İctimai Birliyinin bütün layihələrinə
yaradıcılıq və pozitiv ruhla yanaşdığını deyən Leyla Əliyeva
təbiətin mühafizəsi məqsədilə həm Azərbaycanda, həm də dünyanın
müxtəlif yerlərində bir milyondan çox ağac əkildiyini qeyd edib,
nadir heyvan növlərinin qorunması, məktəb və universitetlərdə
tələbələrə təbiətin mühafizəsinin vacibliyinin təbliği
istiqamətində, eləcə də suya qənaətlə bağlı “Bir damcı” layihəsi
çərçivəsində görülən işləri diqqətə çatdırıb.

IDEA İctimai Birliyinin rəhbəri istedadlı azərbaycanlı
heykəltaraş, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir
Kaçayevin (1994-2016) də Berlində sərgisinin açıldığını qeyd edərək
bildirib ki, onun həyatı faciəvi şəkildə yarımçıq qalsa da, ruhu,
yaradıcılığı və Vətən sevgisi əsərlərində yaşamaqdadır.

Çıxışlardan sonra Leyla Əliyeva, Arzu Əliyeva və iştirakçılar
sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.




Qeyd edək ki, müasir rəssamlar qrupunun heyrətamiz
yaradıcılığının bəhrəsi olan MAMA “Ana təbiət” incəsənət layihəsinə
2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər
Əliyev Mərkəzində start verilib. Heydər Əliyev Fondunun
vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla
Əliyevanın ideya müəllifliyi ilə konseptual şəkildə hazırlanmış
sərgi təbiəti passiv bir fon kimi deyil, əksinə, canlı,
qidalandırıcı, davamlı və bərpaedici əsas qəhrəman kimi təqdim
edir.

Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə
Bakı, Manama, Roma, London və Tbilisidə uğurla təqdim olunub.
Layihənin Berlin mərhələsi də öz missiyasını davam etdirərək
ekologiya, dayanıqlılıq və mədəni müdriklik mövzularında qlobal
dialoqu təbliğ edir.

MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi Azərbaycan da
daxil olmaqla, 31 ölkədən – ABŞ, Almaniya, Böyük Britaniya,
Braziliya, Cənubi Koreya, Gürcüstan, Hindistan, İspaniya, İsrail,
Latviya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən fərqli
sənətkarları bir araya gətirərək incəsənət vasitəsilə planetimizi
gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya,
rəsm, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün
ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir.
Layihə bəşəriyyət və təbiət arasındakı zəngin və mürəkkəb
münasibətləri ön plana çəkir. Ekspozisiyadakı hər bir incəsənət
əsəri insanın təbiətlə dərin bağlılığına bir mesajdır. Həmin
mesajın məqsədi Yer kürəsini təkcə ilham mənbəyi kimi deyil, həm də
həyat üçün zəruri qidalandırıcı qüvvə kimi təqdim etməkdir.

Ekspozisiya dünya səyahəti zamanı insanla təbiət arasındakı
ayrılmaz bağlılığı vurğulayır və Ana fiqurunu həm mənəvi, həm də
fiziki mənada həyatın əsas mənbəyi kimi ön plana çıxarır. Sərgi
izləyiciləri təbiətə qarşı məsuliyyət, qayğı və ekoloji
yenilənmənin zəruriliyi barədə düşünməyə dəvət edir.

x x x

Qeyd edək ki, Leyla Əliyeva və Arzu Əliyeva həmin gün “Q” Berlin
İncəsənət Qalereyasında istedadlı azərbaycanlı heykəltaraş, Aprel
döyüşlərində şəhidlik zirvəsinə ucalmış Samir Kaçayevin “Yarımçıq
qalmış, lakin əbədi” adlı sərgisinin də açılışında iştirak
ediblər.

Sərginin açılışında şəhid Samir Kaçayevin ailə üzvləri də
iştirak ediblər.

Sərgi Berlin tamaşaçılarını Samirin dünyasına – dəqiqliyə,
sənətə bağlılığa uzanan zəngin mənəvi dərinliyə malik bir aləmə
dəvət edir. Bu sərgi Samir Kaçayevin yarımçıq qalan sənət
dünyasının sükutla yazılmış davamıdır. Onun fırçasının toxunuşları
yarımçıq qalsa da, hər bir əsərində zamanın sərhədlərini aşan bir
nəfəs yaşayır. Sərgi Samirin sönməyən ilhamını, sənətin ölümə
meydan oxuyan əbədiliyini və ruhunun rənglərdəki davamını təcəssüm
etdirir. Burada hər baxış, hər bir xətt onunla bitməyən, amma
sonsuzluğa uzanan bir hekayənin parçasıdır.