
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İspaniyanın müdafiə xərclərini
ÜDM-in 5 faizinə qədər artırmaqdan imtina etməsinə görə bu ölkədən
idxal olunan məhsullara rüsum tətbiq etməyi planlaşdırdığını
bildirib.
Trend xəbər verir ki, Tramp
bu fikri Ağ Evdə jurnalistlərə açıqlamasında səsləndirib.
“Mən İspaniyadan çox narazıyam. Onlar NATO üzvləri arasında
müdafiə xərclərini 5 faizədək artırmayan yeganə ölkədir. İspaniyanı
tariflərlə cəzalandırmağı düşünürəm”, – deyə ABŞ prezidenti qeyd
edib.
Bundan öncə Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüş
zamanı Tramp bildirmişdi ki, NATO üzvü olan ölkələr arasında
İspaniya müdafiə xərcləri baxımından ciddi şəkildə geri qalır.
“Bir geridə qalan ölkəmiz var — bu, İspaniyadır. Onlara zəng
edib soruşmaq lazımdır ki, niyə geri qalırlar. Onların buna heç bir
bəhanəsi yoxdur. Açığını desəm, onları NATO-dan çıxarmaq lazımdır”,
– o əlavə edib.
İspaniya rəsmiləri isə cavab olaraq bəyan ediblər ki, müdafiə
xərclərini müəyyən səviyyəyə çatdırmasalar da, silahlı qüvvələrin
döyüş hazırlığının artırılması üçün NATO ilə razılaşdırılmış bütün
təşəbbüsləri həyata keçirmək imkanına malikdirlər.

