Azərbaycan və Türkiyə parlament sədrləri Lahora səfər ediblər

Baş səhifə

Bakı. Trend:

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli
görüşündə iştirak etmək məqsədi ilə Pakistanda səfərdə olan Milli
Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin
sədri Numan Kurtulmuş oktyabrın 14-də Lahor şəhərinə gediblər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Spiker Sahibə Qafarovanın başçılıq etdiyi
Azərbaycan parlament nümayəndə heyətini Lahor şəhərinin Əllamə
İqbal Beynəlxalq hava limanında Pakistanın Pəncab Əyalət Məclisinin
sədri Malik Əhməd Xan, Azərbaycanın Pakistandakı səfiri Xəzər
Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik
etdiyi nümayəndə heyətləri Lahor şəhərində əvvəlcə Pakistanın
mənəvi qurucusu, ictimai-siyasi xadimi, filosofu və şairi Əllamə
Məhəmməd İqbalın məqbərəsini ziyarət ediblər. Məqbərənin önünə
əklil qoyan spikerlər xatirə kitabını imzalayıblar.

Sonra Badşahi məscidinə baş çəkən qonaqlar, burada Pakistanın
tarixi keçmişinin və dini irsinin əzəmətini seyr ediblər.

Səfərin davamında nümayəndə heyətləri Pəncab Əyalət Məclisinə
gələrək məclisin inzibati binası və burada yaradılan şəraitlə tanış
olublar.