Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald
Trampla son sutkada ikinci dəfə telefonla danışıb.
Trend xəbər verir ki, bu
barədə V.Zelenski “Teleqram” səhifəsində məlumat verib.
“Mən indicə ABŞ Prezidenti Donald Trampla iki gündə ikinci dəfə
danışdım və bu gün də çox məhsuldar söhbətimiz oldu”, – deyə
Zelenski bildirib.
Onun sözlərinə görə, oktyabrın 11-də keçirilən danışıqlarda
olduğu kimi eyni məsələlər – Ukraynanın hava hücumundan
müdafiəsinin gücləndirilməsi, habelə enerji sektorunun bərpasına
köməklik müzakirə edilib. Ukraynanın uzaqmənzilli silahlarla təmin
edilməsi də ayrıca müzakirə olunub.
“Prezident Tramp baş verən hər şeydən yaxşı məlumatlıdır.
Söhbətimizi davam etdirməyə razılaşdıq və komandalar hazırlaşır.
Təşəkkür edirəm!”, – deyə Prezident əlavə edib.
Qeyd edək ki, Zelenski oktyabrın 11-də ABŞ prezidenti Donald
Trampla telefon danışığı zamanı Rusiyanın enerji sektoruna
hücumları qarşısında Ukraynanın hava hücumundan müdafiə sisteminin
gücləndirilməsini müzakirə etdiyini bildirib.
ABŞ mediasının məlumatına görə, Ukraynanın yeni “Patriot” hava
hücumundan müdafiə raket sistemləri ilə təchiz edilməsinin
mümkünlüyü barədə müzakirələr gedir. Bununla belə, tərəflər
Amerikanın “Tomaqavk” qanadlı raketlərinin gələcəkdə Ukraynaya
mümkün tədarükünü də müzakirə ediblər.

