Prezident İlham Əliyevin tarixi missiyanı şərəflə tamamlaması nəticəsində faciə və qaranlıqdan işığa doğru gəldik – Sevil Mikayılova (FOTO)

Baş səhifə

Bakı. Trend:

Müharibə o dövrü yaşayan, həmin vaxtların ağrı-acısını görən,
şahidlik edən hər kəsin həyatında öz izini buraxıb.

Trend xəbər
verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU)
Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil
Mikayılova “Eşidilməyən səslər” layihəsi çərçivəsində işıq üzü
görən “İşığa doğru” filminin təqdimat mərasimində çıxışı zamanı
deyib.

“İşığa doğru” sənədli filmi Xocalı soyqırımının canlı
şahidlərindən biri, ermənilər tərəfindən girov götürülərək ailəsi
ilə birgə amansız işgəncələrə məruz qalan azərbaycanlı qadın –
Nərgiz Mahmudovanın həyat hekayəsi əsasında ekranlaşdırılıb.
Layihənin əsas məqsədi müharibə qurbanı olan azərbaycanlı
qadınların zorakılıq, məhrumiyyət və ləyaqətli həyat uğrunda
mübarizə təcrübələrinə əsaslanaraq onların səsini dünyaya
çatdırmaqdır.

Millət vəkili bildirib ki, 17 dəqiqəlik “İşığa doğru” filmi çox
təsirlidir:

“Çünki filmdə danışılanları biz də öz həyatımızda, taleyimizdə
hiss etmişik. Keçmiş məcburi köçkünlərin çox amansızcasına öz doğma
yurd-yuvalarından didərgin salındıqlarının şahidi olmuşuq,
şəhidlərimizin, qazilərimizin faciələri ilə üzləşmişik. Bütün
bunların hamısını 17 dəqiqəyə sığışdırmaq böyük yaradıcılıq
məharətidir. Bu film gələcək nəsillərə çox tutarlı bir mesajdır.
Həmin 17 dəqiqə bundan sonra neçə yüzilliklər boyu gənclərin
təfəkküründə qalibiyyət ruhunu yaşatmaq üçün böyük bir əsas
yaradacaq”.

Parlamentin üzvü Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olduğu müddətdə
daha faciəli insan taleləri ilə rastlaşdığını vurğulayıb:

“Amma həmin insanlar heç vaxt faciələrini danışmaq istəmirdilər.
Çünki cəmiyyətə ikinci dəfə bu psixoloji travmanı yaşatmaq
istəmirdilər. Filmdə bəhs edilən çox faciəli taledir, lakin sondakı
səhnədə xanımın üzündəki o işıq, təbəssüm və məmnunluğu xüsusilə
qeyd etmək istəyirəm”.

Sevil Mikayılova qeyd edib ki, cəmiyyət olaraq sülhün, qələbənin
qədrini bilməyik.

“Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş
Komandan İlham Əliyevə bu tarixi missiyanı böyük şərəflə yerinə
yetirdiyinə görə bir daha minnətdarlığımızı bildirməliyik. Çünki bu
cür faciələr, zülmət, qaranlığın üzərindən keçib işığa doğru
gəldik”, – deyə o fikrini yekunlaşdırıb.