Danimarka naməlum dronlarla mübarizəyə 330 milyon dollar ayırıb

Baş səhifə

Bakı. Trend:

Danimarkanın Müdafiə Nazirliyi naməlum pilotsuz uçuş
aparatlarının izlənilməsi və onlara qarşı mübarizə üçün lazımı
resursların yaradılmasına 2,1 milyard kron (330 milyon dollar / 561
milyon manat- red) ayırıb.

Trend nazirliyin
bəyanatına istinadən xəbər verir ki, bu qərar krallığın silahlı
qüvvələr komandanlığının təklifi əsasında verilib.




Ümumilikdə 2025–2033-cü illər ərzində ehtiyatlar və yeni
təşəbbüslər üçün 3,8 milyard kron (590 milyon dollar) xərclənəcək.
Məlumatda qeyd olunur ki, mövcud təhlükəsizlik vəziyyəti fonunda
Silahlı Qüvvələrin Baş komandanı pilotsuz uçuş aparatlarına qarşı
mübarizə vasitələrinin, eləcə də süni intellekt əsasında qərar
qəbul etməyə dəstək sisteminin alınmasını tövsiyə edib.

“Son həftələrdə baş verən pilotsuz aparatlarla bağlı hadisələr
Danimarka Silahlı Qüvvələrinin PUA-larla mübarizə imkanlarını
gücləndirməyə olan tələbatını artırıb. Buna görə də mən məmnunam
ki, Danimarka dronlara qarşı mübarizə qabiliyyətlərini artıracaq
mühüm resursların alınması üçün vəsait ayırır. Bu, göstərir ki,
Danimarka bu növ hibrid təhdidə qarşı mübarizəni gücləndirir”, –
deyə Danimarkanın müdafiə naziri Truels Lund Poulsen bildirib.