Qiymətli kağızlar üzrə ödənişlərin həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının
Milli Depozit Mərkəzi (MDM) tərəfindən həyata keçirilən qiymətli
kağızlar üzrə ödənişlərin əsas hissəsini dövlət istiqrazları və
Mərkəzi Bankın notları təşkil edib.

Trend MDM-ə
istinadən xəbər verir ki, hesabat dövründə dövlət istiqrazları üzrə
ödənişlərin nominal dəyəri 1,802 milyard, kupon ödənişləri isə
365,45 milyon manat təşkil edib. Dövlət istiqrazlarının ümumi
ödənişlərdə payı 66% olub.

Cari ilin ilk 9 ayında Mərkəzi Bankın notları üzrə ödənişlərin
nominal həcmi 782,1 milyon manat olub ki, bu da ümumi ödənişlərin
23,8%-ni təşkil edib.

Eyni zamanda hesabat dövründə səhmlər üzrə 200 milyon manat
dividend ödənişi həyata keçirilib. Səhmlərin ümumi ödənişlərdə payı
6,1%-ə bərabər olub.




Hesabat dövründə korporativ istiqrazlar üzrə nominal ödənişlər
114,97 milyon manat, kupon ödənişləri isə 20,21 milyon manat təşkil
edib. Onların ümumi ödənişlərdəki payı isə 4,1% olub.

Dollar ifadəsində isə həyata keçirilən qiymətli kağızlar üzrə
ümumi ödənişlərin 67,7%-i dövlət istiqrazlarının, 32,3%-i isə
korporativ istiqrazların payına düşüb.

Hesabat dövründə dövlət istiqrazları üzrə 20 milyon ABŞ dolları
nominal və 0,3 milyon dollar kupon ödənişi həyata keçirilib.
Korporativ istiqrazlar üzrə isə 10 milyon dollar nominal, 32,5
milyon dollar kupon ödənişi həyata keçirilib.