Hindistanda zəhərli öskürək siropu 20 uşağın ölümünə səbəb olub

Baş səhifə

Bakı. Trend:

Hindistanın “Sresan Pharmaceuticals” şirkəti tərəfindən istehsal
edilən “Coldrif” öskürək siropunun qəbulu nəticəsində azı 20 uşaq
həyatını itirib, daha beş uşağın vəziyyəti kritik olaraq
qalmaqdadır.

Trend bu barədə
“Hindustan Times” nəşrinə istinadla xəbər verir.

Mütəxəssislərin məlumatına görə, ölümcül sirop uşaqlarda kəskin
böyrək çatışmazlığına səbəb olub. Aparılan istintaq zamanı
“Coldrif” dərmanının istehsal prosesində 300-dən çox kobud pozuntu
aşkar edilib.




Siropun tərkibində yüksək toksik təsirə malik dietilen-qlikol
maddəsi müəyyən olunub. Bu maddənin miqdarı icazə verilən həddi 50
faizdən çox aşır. Bildirilir ki, şirkət istehsal xərclərini
azaltmaq üçün təhlükəsiz əczaçılıq komponentlərini bu zəhərli maddə
ilə əvəz edib.

Hadisə ilə əlaqədar “Sresan Pharmaceuticals” müəssisəsi
fəaliyyətini dayandırıb. Şirkət rəhbərliyinə ehtiyatsızlıqdan adam
öldürmə, dərmanların saxtalaşdırılması və əczaçılıq
qanunvericiliyinin pozulması ittihamları irəli sürülüb.