Azərbaycan və Almaniya arasında maliyyə əməkdaşlığının genişləndirilməsi imkanları dəyərləndirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Almaniya arasında maliyyə sahəsində əməkdaşlığın
genişləndirilməsi müzakirə edilib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, oktyabrın 8-də Azərbaycan Respublikasının maliyyə
nazirinin birinci müavini Anar Kərimov Alman-Azərbaycan Xarici
Ticarət Palatasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan
Almaniyanın maliyyə sektorunu təmsil edən şirkətlərin və biznes
dairələrinin nümayəndələri ilə görüşüb.

Görüşdə iki ölkə arasında maliyyə sahəsində əməkdaşlığın
genişləndirilməsi, Alman maliyyə institutlarının ölkəmizdə həyata
keçirilən layihələrin dəstəklənməsində iştirakı, dövlət borcunun
idarə olunması sahəsində təcrübə mübadiləsi, dövlət–özəl
tərəfdaşlıq mexanizmləri ilə bağlı məsələlər müzakirə olunub.




Anar Kərimov qonaqlara ölkəmizdə dayanıqlı iqtisadi artımın,
makroiqtisadi sabitliyin və fiskal intizamın qorunması
istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd
olunub ki, Azərbaycan iqtisadiyyatı müsbət inkişaf dinamikasını
saxlayır, qeyri-neft sektoru davamlı şəkildə genişlənir, dövlət
borcunun idarə olunmasında əldə olunan nailiyyətlər və yüksək
valyuta ehtiyatları ölkənin maliyyə dayanıqlığını təmin edir. Bu
siyasətin nəticəsi olaraq, kənd təsərrüfatı, informasiya
texnologiyaları, emal sənayesi, logistika və “yaşıl enerji” kimi
qeyri-neft sektorlarında əhəmiyyətli irəliləyişlər əldə edilib.

Maliyyə nazirinin birinci müavini əlavə edib ki, bu müsbət
nəticələr nəzərə alınaraq, 2026–2030-cu illəri əhatə edən Dövlət
Borcunun İdarə Edilməsi Strategiyası hazırlanır. Strategiya
prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma
imkanları yaradaraq ölkənin uzunmüddətli inkişaf gündəliyini
dəstəkləməyi hədəfləyir.

Öz növbəsində, qonaqlar Azərbaycanda yaradılmış əlverişli biznes
və investisiya mühitinin Almaniya biznes dairələri üçün geniş
imkanlar açdığını, ölkənin iqtisadi stabilliyi və strateji
layihələrin uğurla həyata keçirilməsinin onlara uzunmüddətli və
perspektivli tərəfdaşlıq imkanları yaratdığını vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir
mübadiləsi aparılıb.