
Bakı. Trend:
Silk Way Group şirkətlər qrupuna daxil olan Silk Way AFEZCO,
dünyanın ən böyük biznes təyyarə və helikopter operatorlarından
biri sayılan Luxaviation Group-un tərkibində fəaliyyət göstərən
ExecuJet ilə tərəfdaşlıq elan etməkdən qürur duyur. Bu əməkdaşlıq
Azərbaycanda biznes aviasiyasının gələcəyi üçün iki mühüm
istiqaməti birləşdirir.
Silk Way AFEZCO və ExecuJet, Bakının cənubunda strateji mövqedə
yerləşən yeni Ələt Beynəlxalq Hava Limanında müasir biznes
aviasiyası xidmət kompleksi (Fixed Base Operator – FBO)
yaradacaqlar. Bununla yanaşı, tərəflər Silk Way AFEZCO-nun yeni
Gulfstream G500 təyyarəsinin idarə olunmasına dair müqavilə
imzalayıblar. Bu sənəd Luxaviation Group-un Azərbaycan bazarına
daxil olmasını və ölkədə bu tipdəki ilk təyyarənin idarə edilməsinə
başlanmasını rəsmi şəkildə təsdiqləyir.
Əməkdaşlıq həmçinin Ələt Azad İqtisadi Zonasında birgə
müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunu nəzərdə tutur.
Müəssisənin məqsədi Avropa, Asiya və Yaxın Şərq arasında strateji
nəqliyyat qovşağı olan Azərbaycanın mövqeyini daha da gücləndirəcək
çoxşaxəli aviasiya xidmətləri mərkəzi yaratmaqdır.
Luxaviation Group-un baş icraçı direktoru Patrik Hansen
bildirib: “Bu əməkdaşlıq Luxaviation və ExecuJet üçün mühüm bir
mərhələdir, çünki biz Azərbaycan bazarına daxil oluruq. Silk Way
AFEZCO-nun regional təcrübəsini bizim qlobal FBO və təyyarə
idarəçiliyi üzrə peşəkar biliklərimizlə birləşdirərək Xəzər
regionunda keyfiyyət, səmərəlilik və müştəri loyallığı üçün üzrə
yeni standartlar müəyyən edirik.”
Öz növbəsində, Silk Way AFEZCO-nun baş icraçı direktoru Cavad
Dbila qeyd edib: “Biz ExecuJet ilə əməkdaşlıq edərək Azərbaycanın
qlobal biznes aviasiyasındakı rolunu yeni səviyyəyə qaldırmaqdan
qürur duyuruq. Ələt Beynəlxalq Hava Limanında yaradılacaq FBO və
AFEZ-dəki birgə müəssisə operatorlar və sərnişinlər üçün misilsiz
xidmətlər təqdim edəcək. ExecuJet idarəçiliyində olan yeni
Gulfstream G500 təyyarəmizin istifadəyə verilməsi ilə biz ölkəmizin
aviasiya gələcəyinə sərmayə edirik”.
Təyyarənin İdarə Edilməsi üzrə Müqavilə əməliyyatların idarə
olunması, uçuş planlaşdırılması, texniki xidmətə nəzarət və
ekipajın idarə edilməsi də daxil olmaqla, Silk Way AFEZCO-ya
Gulfstream G500 üçün hərtərəfli dəstəyi təmin edir. Sürəti, uçuş
məsafəsi və qabaqcıl texnologiyaları sayəsində G500 Azərbaycanın
mərkəzindən biznes və diplomatik səfərlər üçün ideal seçimdir.
Ələt Beynəlxalq Hava Limanında FBO-nun tikintisinə 2025-ci ilin
sonunda başlanması, 2027-ci ilin əvvəlində isə istifadəyə verilməsi
planlaşdırılır. Layihənin dizaynı dünyada biznes aviasiyasının
aparıcı terminallarından biri kimi tanınan Dubay Al Maktum (DWC)
Hava Limanındakı ExecuJet-in mükafata layiq görülmüş nüfuzlu
inşasından ilhamlanacaq.
Bu əməkdaşlıq Azərbaycan iqtisadiyyatının enerji, ticarət və
turizm kimi sahələrində sürətli artımın müşahidə olunduğu, premium
aviasiya xidmətlərinə tələbatın getdikcə artdığı bir dövrdə həyata
keçirilir.
ExecuJet haqqında
ExecuJet, Luxaviation Group-un tərkib hissəsi olaraq, biznes
aviasiyası üçün xidmət komplekslərinin (Fixed Base Operator – FBO)
qlobal şəbəkəsini idarə edir. Şirkət biznes təyyarələri,
sərnişinlər və ekipaj üçün yüksək səviyyəli infrastruktur və
təqdirə layiq xidmətlər təqdim edir. Hazırda ExecuJet dünyanın
müxtəlif ölkələrində 110-dan çox FBO kompleksini idarə edir və
fəaliyyət sahəsini genişləndirməkdə davam edir.
Biznes aviasiyası sahəsində yerüstü xidmətlər üzrə sənaye
lideri kimi tanınan ExecuJet müştərilərə gözləntiləri aşan premium
xidmətlər təqdim edir.
ExecuJet, Luxaviation Group-un digər şirkətləri ilə yanaşı,
korporativ dayanıqlığı öz fəaliyyət strategiyasının əsas hissəsi
hesab edir. Qrup sosial və ekoloji aspektləri idarəetmə
proseslərinə inteqrasiya edir və əməliyyat fəaliyyətini daima
təkmilləşdirir.
Ətraflı məlumat üçün: www.execujet.com
/ www.luxaviation.com.
Silk Way Group haqqında
Əsası 2006-cı ildə qoyulan və baş ofisi Bakıda yerləşən Silk
Way Group Azərbaycanın aparıcı özəl aviasiya və logistika
müəssisələrindən biridir. Şərqlə Qərbin kəsişməsində yerləşən
strateji mövqeyi sayəsində Qrup qlobal yükdaşıma əlaqələrində və
ölkənin aviasiya infrastrukturunun inkişafında mühüm rol
oynayır.
Silk Way West Airlines, Silk Way Airlines, Silk Way Technics
və Silk Way AFEZCO şirkətlərini birləşdirən Qrup ən yüksək
beynəlxalq standartlara cavab verən hava yolu ilə yükdaşıma,
texniki xidmət və logistika üzrə geniş həllər təqdim edir.
Silk Way Group hazırda Ələt Azad İqtisadi Zonasında (AFEZ)
yeni hava limanı və logistika mərkəzinin tikintisi ilə hava
daşımalarının gələcəyini müəyyən edir. Bu, Azərbaycanın qlobal
ticarətdə əsas oyunçu kimi rolunu artıracaq dayanıqlı,
texnologiyaya əsaslanan bir layihədir.
1700-dən artıq peşəkar əməkdaşı ilə təhlükəsizlik,
innovasiya və dayanıqlılığa diqqət yetirən Silk Way Group qitələri
birləşdirməyə və bütün dünyada hava yolu ilə yükdaşımada yeni
imkanlar yaratmağa davam edir.
Silk Way Alat Free Economic Zone şirkəti
haqqında
Silk Way Alat Free Economic Zone şirkəti Silk Way Group-a
aid müstəqil bir qurumdur və Ələt Azad İqtisadi Zonasında dayanıqlı
aviasiya və logistika infrastrukturunu inkişaf etdirir. Şirkət
“Yaşıl hava limanı” və “Karqo kəndi” kimi transformativ layihələri
idarə etmək üçün təsis edilib. SW AFEZCO qabaqcıl dayanıqlı
texnologiyaları və innovativ logistika həllərini inteqrasiya edərək
Azərbaycanın aparıcı tranzit mərkəzi statusunu möhkəmləndirir.
Şirkətin təşəbbüsləri milli və beynəlxalq standartlara uyğun
olmaqla yanaşı, iqtisadi inkişafı və ekoloji məsuliyyəti də təşviq
edir.

