TDT Baş katibi Prezident İlham Əliyevə təşəkkür edib

Baş səhifə

Qəbələ. Trend:

Tarix və müasirliyin qovuşduğu qədim Azərbaycan şəhəri Qəbələdə
keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları
Şurasının 12-ci Zirvə Görüşü türk dövlətləri arasında dostluq,
həmrəylik və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində
ümumi baxışı əks etdirmək üçün mühüm platforma oldu. Xüsusilə
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin azad olunması,
suverenliyinin və ərazi bütövlüyünün bərpası, eləcə də avqustun
8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında imzalanmış
Birgə Bəyannamə regional sülh və təhlükəsizlik məsələsini
gündəliyimizdə daha da aktuallaşdırdı.

Trend xəbər
verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi
Kubanıçbek Ömüralıyev TDT-nin Dövlət Başçıları Şurasının 12-ci
Zirvə Görüşü çərçivəsində mətbuat bəyanatında deyib.

O qeyd edib ki, bu tarixi hadisə Cənubi Qafqaz regionunda
uzunmüddətli sülhün, sabitliyin və rifahın təmin olunması yolunda
mühüm mərhələdir.

“Bu mühüm toplantının yüksək səviyyədə təşkilinə və səmimi
qonaqpərvərliyə görə Prezident İlham Əliyevə, eləcə də Azərbaycan
xalqına dərin minnətdarlığımı bildirirəm. Çünki bu Zirvə Görüşündə
çox mühüm nəticələr əldə olunub.

Dövlət başçıları və xarici işlər nazirləri türk dünyasında
əməkdaşlığı daha da dərinləşdirən və inkişaf etdirən qərarlar qəbul
etmişlər. Əsas nəticə isə 12-ci Zirvə Görüşündə Qəbələ
Bəyannaməsinin imzalanmasıdır. Bu sənəd gələcək əməkdaşlığımız üçün
siyasi məsələlər, xarici siyasət, təhlükəsizlik, iqtisadi və
sektorial inkişaf, xalqlar arasında əlaqələr və institusional
koordinasiya istiqamətlərində yol xəritəsi müəyyən edir”, – deyə o
əlavə edib.