Bakı. Trend:
Cari İran ilinin 6 ayı (21 mart -22 sentyabr 2025) ərzində
İranın şimalında yerləşən Astara dəmiryolu ilə yükdaşıma ötən ilin
analoji dövrü ilə (20 mart -21 sentyabr 2024) müqayisədə 58%
artıb.
Trend-in
məlumatına görə, bunu İranın Astara Gömrük İdarəsinin baş direktoru
Nadir Ənsarian yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, 6 ay ərzində Astara dəmiryolu vasitəsi ilə
267 min ton yük daşınıb.
Ənsarian yüklərin 4 551 yük vaqonu ilə daşındığını qeyd
edib.
Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə
olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara terminalının
inşasına start verilib. Terminal İranın Astara şəhərində
Azərbaycan-İran sərhədindən 1,4 km məsafədə yerləşir. Tikintisi ADY
tərəfindən aparılan terminalın ərazisi İran hökuməti tərəfindən 25
il müddətinə Azərbaycana icarəyə verilib.
Astara terminalının Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi
üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların
operativ şəkildə həyata keçirilməsini təmin edəcəyi qeyd
olunur.

