Rumıniyada Avropa İttifaqının sanksiyalarını pozmaq cinayət sayılacaq

Baş səhifə

Bakı. Trend:

Rumıniya hökumətinin təsdiqlədiyi qanun layihəsinə əsasən,
Avropa İttifaqının sanksiyalarını pozmaq cinayət məsuliyyəti
daşıyacaq və bu pozuntular üçün 12 ilə qədər həbs cəzası nəzərdə
tutulur.

Trend xəbər verir ki, Xarici
İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin hazırladığı layihə Aİ
səviyyəsində qəbul edilmiş məhdudlaşdırıcı tədbirlərin Rumıniya
qanunvericiliyinə daxil edilməsini təmin edir. Qeyd olunur ki,
məqsəd sanksiyaları pozmaq cəhdlərinin qarşısını almaqdır.

Önəmli məqam bundan ibarətdir ki, sanksiyaların pozulması
əvvəllər inzibati hüquqpozmalar kimi qiymətləndirilirdisə, indi bu,
cinayət xarakteri daşıyacaq. Sadə halda 1–5 il, ağır şəraitdə isə
12 ilədək həbs cəzası tətbiq edilə bilər.




Layihədə “aktiv ekstraterritorial hüquq” prinsipi də yer alıb —
Rumıniya vətəndaşları və şirkətləri sanksiyaları pozduqları halda,
– bu, istər ölkə daxilində, istərsə də xaricdə baş vermiş olsun, –
cinayət məsuliyyətinə cəlb ediləcək.

Bu addım vasitəsilə Rumıniya üçüncü ölkələrin
qanunvericiliyindən istifadə olunaraq sanksiyaların əhatəsindən
çıxmağa imkan yaradan yanaşmaların qarşısını almaq
niyyətindədir.