
Bakı. Trend:
Bu ilin birinci yarımilində bank olmayan kredit təşkilatı (BOKT)
sektorunun aktivlərinin həcmi kiçilib.
Trend-in
Azərbaycan Mərkəzi Bnakına 9AMB) istinadən məlumatına görə, ölkədə
fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri yarımil ərzində 3% (30
milyon manat) azalaraq 963 milyon manat təşkil edib.
Məlumata əsasən, azalmanın əsas payçısı xalis kredit portfeli
olub. Qeyd edilib ki, BOKT-lərin kreditləşmə fəaliyyətində mövcud
olan artım dinamikasına baxmayaraq yarımil ərzində xalis kredit
portfeli 6.3% (45 milyon manat) azalıb.
Bildirilib ki, 15 noyabr 2024-cü il tarixində “Bank olmayan
kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi
Qaydası”-nın tətbiqi nəticəsində BOKT-lər üzrə ilk dəfə xərclər
hesabına yaradılan xüsusi ehtiyatlara dair tələb gətirilib ki, bu
da öz növbəsində xalis kredit portfelinin azalmasını
şərtləndirib.
Qeyd edilib ki, BOKT-lərin cəmi öhdəlikləri isə il ərzində 4.5%
(24.4 milyon manat) azalaraq 513 milyon manat təşkil edib.
Vurğulanıb ki, maliyyə institutları qarşısında kredit öhdəlikləri
və digər öhdəliklər (əsasən hesablanmış ödəniləsi vergilər)
öhdəliklərin azalmasına əsas təsir edən amillər olub.
Ümumilikdə, bildirilib ki, bank olmayan kredit təşkilatlarının
(BOKT) maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.
2025-ci ilin birinci yarımilinə olan məlumatlara əsasən,
Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 57, kredit
ittifaqlarının (Kİ) sayı isə 36 olmaqla, ümumilikdə qeyri-bank
kredit təşkilatlarının sayı 93 olmuşdur. Bütövlükdə maliyyə
sistemində aktivlərinə görə BOKT-lərin bazar payı 1.6% təşkil edib.
2025-ci ilin birinci yarımili ərzində 1 BOKT-nin lisenziyası ləğv
edilib, 1 BOKT-yə yeni lisenziya verilib. Hazırda fəaliyyətdə olan
BOKT-lərin 15-i xarici kapitallıdır ki, onlardan 12-ində xarici
kapitalın payı 50%-dən yüksəkdir. İl ərzində ümumilikdə işçilərinin
sayı 147 nəfər artaraq 3 693 nəfərə, filialların sayı isə 5 ədəd
artaraq 309-a çatıb.


