
Tarif (qiymət) Şurasının 3 oktyabr 2025-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.
İclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 6 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 45 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərar 7 oktyabr 2025-ci il tarixindən qüvvəyə minir. Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 mart tarixli 130 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”ndan “və Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri çıxarılmışdır. Bununla əlaqədar Şuranın 2022-ci il 26 iyul tarixli 6 nömrəli Qərarı Nazirlər Kabinetinin müvafiq Qərarına uyğunlaşdırılıb.
Qeyd: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


